“Gündəlik Bakı” qəzetinin baş redaktoru Bakı İstintaq Təcridxanasına köçürüldü

  • By admin
  • 26 Dekabr 2017 15:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info trend.az-a istinadən məlumat verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən H.Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

H.Vəliyevin vəkili bildirib ki, əvvəl zərərçəkənlər, şahidlər və sonda müvəkkili məhkəmədə dindirilsin.

Zərərçəkmiş Asif Bağırovun nümayəndəsi bildirib ki, müdafiə etdiyi şəxsə dəymiş ziyan ödənilib.

Daha sonra məhkəmə H.Vəliyevin Dövlət Təhlükəsizlik Xidmətinın istintaq təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar çıxarıb.

Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.

Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb.

Gununsesi.info