Həkimdən qripə yoluxanlara VACİB MƏSLƏHƏT

  • By admin
  • 06 Yanvar 2023 14:25

Son günlər öskürək, qızdırma, başağrısı əlamətlərilə kəskin qrip infeksiyasının geniş yayıldığı müşahidə olunur. Xəstəliyə yoluxanlar budəfəki infeksiyanın daha təsirli olduğunu, sağalmaqda çətinlik çəkdiklərini vurğulayırlar.

Gununsesi.info xəbər verir ki, həkim-anestezioloq Şahin Məmmədov qrip infeksiyası ilə bağlı xəstələrdən ona çoxlu suallar daxil odluğunu bildirib.

“Məsələn, deyirlər ki, doktor, mənim yaxınım “COVID”i çox ağır keçirmişdi, indi də qripə yoluxub. Narahatıq ki, ağırlaşar. Təcili nə edək?

Ya da kimsə hiss edir ki, yoluxub və təcili sağalmaq istəyir”.

Həkimin sözlərinə görə, bir çox hallarda əhali qripə yoluxanda təcili antibiotik iynə vurdurur, bu isə yanlış qərardır: “Ya da mənasız preparatları içməklə həm pul, həm də vaxt itirirlər”.

Ş.Məməmmədov deyib ki, qripi ağır keçirəcəyini proqnozlaşdıran xəstələr ilk əlamətlərin əmələ gəldiyi gündən etibarən 2 gün içində antivirus dərmanı qəbul etməyə başlamalıdır.

“Effekti sübuta yetirilmiş və FDA tərəfindən təsdiqlənmiş qrip əleyhinə antiviral preparatlar aşağıdakılardır:
Oseltamivir (“Tamiflu”)

Zanamivir (“Relenza”)

Peramivir (“Rapivab”)

Baloksavir marboksil (“Xofluza”)
Qrip əleyhinə müasir tibbdə yuxarıdakılardan biri təyin olunur. Bakıda tapılan, məncə, tək “Tamiflu”dur. Əgər bu preparata qarşı fərdi həssaslıq, əks göstəriş yoxdursa – həkiminizlə məsləhətləşdikdən sonra istifadə etmək olar”, – deyə həkim vurğulayıb.
Ş.Məmmədovun fikrincə, “Tamiflu” vaxtında başlanıldıqda (1 tab x 2 dəfə 5 gün) qripin simptomlarını azaldır, davametmə müddətini qısaldır, ağırlaşma ehtimalını xeyli aşağı salır.

“Bu preparat, hətta sonrakı günlər də başlanıldıqda müsbət effekt verir. Əlbəttə, ağırlaşmağa meyilli xəstələr hər il vaxtında qrip əleyhinə vaksinasiya olunsalar, daha yaxşıdır” – həkim qeyd edib.

O bildirib ki, bəzi adamlar bu dəfə yayılan xəstəliyi “COVID-19”la eyniləşdirir: “Ancaq bu yayılan qripdir, sadəcə ağır keçir”.
Həkim əlavə edib ki, bəzən qrip-soyuqdəymə əlamətləri olan şəxslər yanlış üsullarla özünümüalicə ilə məşğul olurlar.

“Məsələn, saunaya gedirlər. Bu yanlışdır. Həm oradakı digər insanlara virusu yayırsınız, həm də su itirməklə sağalmanı gecikdirirsiniz. Saunanın ümumi soyuqdəymə əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib”.

Ş.Məmmədov soğan-sarımsaq istifadəsinin də qripə güclü təsir göstərmədiyini vurğulayıb:

“Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi prognozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Çünkü virus əleyhinə heç bir təsiri yoxdur. Qrip vaxtı sogan-sarımsaq yeməyin əhəmiyyəti ondan ibarətdir ki, siz camaatdan uzaq gəzirsiz, ya camaat sizdən uzaq gəzir, yoluxma azalır”.

Həkim qripə yoluxanların araqla müalicəsini də səhv üsul adlandırıb:

“Geniş yayılmış mifdir. Qrip virusu təkcə ağızda, boğazda deyil ki onu dezinfeksiya edə biləsiz. Həm də 40 faizli spirt nəinki onu, heç nəyi öldürmür. Əksinə sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir.

Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır- bu da immunitetə böyük zərbədir.

İçməyə bəhanə axtarırsızsa o başqa. Amma bilin ki, ondan ümumiyyətə insana ancaq zərər gələ bilər”.

Gununsesi.info