“Həmkarlarım təxribatçı çıxışlara layiqincə cavab verəcək” - Deputat

  • By admin
  • 22 Fevral 2022 13:38

“Millət vəkilləri, həmkarlarım, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov İrəvandadırlar. Həmkarlarım təşkilatın komitə iclaslarında iştirak edirlər. Məğlub ölkənin bir qrup hərbçisi millət vəkillərimizin İrəvana gəlişlərinə mane olmaq istədi, hava limanının qarşısında bağırıb-çağırdılar, daha sonra qaldıqları otelin qarşısında etiraz təşkil olundu. Heç nə əldə etmədilər”.

Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O qeyd edib ki, etirazların əksinə, nümayəndə heyətlərinin təmsilçiləri sırasında Azərbaycanı təmsil edən millət vəkillərini məğlub ölkənin baş naziri Nikol Paşinyan qəbul etdi:

“Millət vəkillərimiz İrəvandakı çıxışlarında Azərbaycanın mövqeyini səsləndirəcək, mümkün təxribatçı çıxışlara layiqincə cavab verəcəklər. Biz buna öyrəncəliyik. Erməni rəsmiləri və deputatları hara gedirlərsə Azərbaycan əleyhinə çıxışlar etməyə başlayır, işğala haqq qazandırırdılar. Mənim özüm də ötən ilin oktyabrında Sankt-Peterburqda təşkil olunan III Avrasiya Qadınlar Forumunda Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ittihamlarına cavab vermişdim. Onun təxribatçı çıxışına faktların diliylə cavab vermiş, forum iştirakçılarını Azərbaycan həqiqətləri barədə məlumatlandırmışdım. Bu çıxışımdan sonra Anna Akopyanın yeni yalan uydurmasına ehtiyac qalmadı. Çünki özü də anladı ki, onun növbəti uydurmasına forum iştirakçıları inanmayacaqdılar.

Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduğundan Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir. Bizlər müxtəlif konfrans və forumlarda məhz bu reallığı həm ermənilərə, həm də xarici ölkə həmkarlarımıza anlatmağa çalışırıq. Əslində reallığı anlamağa başlayıblar. Misal üçün azərbaycanlı millət vəkilləriylə İrəvanda görüşən Nikol Paşinyanın özü belə Azərbaycanla sülhün vacibliyindən, kommunikasiya xətlərinin açılmasından və sərhədlərin müəyyənləşməsindən danışır. Çünki onun artıq başqa alternativi yoxdur. Anlayır ki, işğal dövründəki ritorikasını davam etdirsə prezidentimiz İlham Əliyevin dediyi kimi “dəmir yumruq” yenə işə düşəcək. Azərbaycan yeni müharibə istəmir, mövcud problemlərin danışıqlar yolu ilə həllini istəyir. Elə İrəvanda olan millət vəkilləri həmkarlarım bunu Ermənistan ictimaiyyətinə anlatmağa çalışırlar ki, qonşularla sülh şəraitində yaşamaq istəməsələr, problemlərdən qurtulmayacaqlar”.

Gununsesi.info