Hatayda zəlzələ zamanı yaranan parıltının səbəbi açıqlandı -VİDEO

Dünən Türkiyənin Hatay vilayətində baş verən 6,6 bal gücündə zəlzələ ilə bağlı yayılan görüntülərdə müxtəlif ərazilərdə yeraltı təkanlar zamanı mavi çalarlarda parıltı görünüb. Bu isə  bir çox sui-qəsd nəzəriyyələrinə mövzu olub, bəziləri də bu işıqları zəlzələ yaradan bir sistemlə əlaqələndiriblər.

Vəziyyətlə əlaqədar olaraq ölkənin Prezident Administrasiyasının Kommunikasiya şöbəsi açıqlama verib.

Qurumdan bildirilib ki, zəlzələni yaradan enerji yükü, süxurlardakı bəzi mineralların elektrik xüsusiyyətlərinin dəyişməsinə səbəb olub.

“Qırılma xəttində hərəkət başlayanda toplanan enerji sərbəst qalır – bir tərəfdən təkanlar baş verir, digər tərəfdən elektrik dəyişikliyi parlaq şüalara səbəb olur. Fəlakət zamanı müşahidə edilən parıltılar yalnız müəyyən şəraitdə baş verir. Bu şüalar yerdən 200 metr yüksəkliyə çata bilir və bəzi hallarda ildırım kimi görünür”, – deyə şöbədən izah edilib.

Vurğulanıb ki, işıq kürələrinə bənzəyən zəlzələ işıqları qısa müddətdə yox olur.

“Bu şüalanmalar zəlzələdən sonra deyil, zəlzələ zamanı görünür”, – deyə qurumdan əlavə edilib.

Xatırladaq ki, fevralın 20-də Hatayda baş verən zəlzələ zamanı 6 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.

Mənbə: Haber Global