
“Filipinli ev qulluqcuları haqqında hesabatda yazılanlar köhnəlmiş informasiyadır və bu problem aradan qaldırılsa da, yenidən orada özünə yer tapıb”.
Bu haqda Gununsesi.info-ya hüquq müdafiəçisi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova belə deyib. ABŞ Dövlət Departamentinin 2017-ci il üzrə insan alveri hesabatına münasibət bildirən M.Zeynalova qeyd edib ki, o, ABŞ Dövlət Departamentindən daha ciddi hesabat gözləyirmiş: “İlk öncə deyim ki, hesabatın rəsmi tərcüməsini oxumadığımdan bu haqda tam təssəvvürüm yoxdur. Qeyri-rəsmi tərcüməyə görə isə mən daha ciddi hesabat gözləyirdim. Əslində, hesabatda konkret tövsiyyə və irad da görə bilmirəm. Hər il hesabatada yoxlanılmamış məlumatların daxil edilməsi diqqəti daha çox cəlb edir. Hesabatın Azərbaycanla baglı hissəsində kecən il məsələn, Avropa ölkələrinə daşınma qeyd edilmişdi. Halbuki belə bir fakt yox idi. İndi də Malaziyaya daşınma məsələsi qeyd olunub. Lakin mən belə fakt haqqında heç eşitməmişəm. QHT-lərin maliyyələşməsi məsələsinə toxunulmasi haqqında qeyd olunanlara gəlincə isə, bunu müsbət hal kimi dəyərləndirirəm”.
Özbəkistandan olan insan alveri qurbanlarının Azərbaycanda məcburi əmək və cinsi istismara məruz qalmasıyla bağlı hesabatda əksini tapanlara münasibət bildirən hüquq müdafiəçisi bildirib ki, əvvəlki illərlə nisbətdə son iki ildə Özbəksitandan olan insan alveri qurbanlarının Azərbaycana gətirilib, cinsi istismara məruz qalması faktı da qeydə alınmayıb. O, daha sonra bildirib ki, hesabatda Azərbaycanla bağlı hansısa ciddi irad diqqətini cəlb etməyib: “Lakin buna baxmayaraq, onun birinci yerə kecirilməsi hələ də Azərbaycanın siyasi məsələ olaraq həll edilməmiş qaldığını göstərir”.
Gülnaz Qənbərli
Gununsesi.info











