Heydər Əliyev Beynəlxalq Hava Limanı bu il 1 milyondan çox sərnişin daşıyıb

  • Müəllif: admin
  • 05 May 2017 13:12

hava limani

2017-ci ilin yanvar-aprel ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 62 min sərnişinə xidmət edib ki, bu da ötən ilin analoji göstəricisindən 36 faiz çoxdur.

Bu barədə Gununsesi.info-ya Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat veririlib.

Daşınan sərnişinlərin 594 min nəfəri AZAL milli aviadaşıyıcısının payına düşüb ki, bunun da 158 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınıb. Yerdı qalan 904 min sərnişin (85 faiz) beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,2 faizi “Azərbaycan Hava Yolları”nın, 51,8 faizi xarici aviadaşıyıcıların payına düşüb.

İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi yenə də ən populyar beynəlxalq istiqamətlərin siyahısına liderlik edirlər. Bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62 faizini təşkil edib. Məşhur istiqamətlərin siyahısına həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12 faizi) daxildir.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

Mürtəza

Gununsesi.info