“Heydər Əliyev dedi ki, olmaz, bunu qəbul edə bilmərəm…” - ELDAR İBRAHİMOV

  • By admin
  • 11 Dekabr 2017 23:12
“Mən Heydər Əliyev qədər xalqını, Azərbaycanı sevən ikinci bir şəxs tanımıram. Heydər Əliyev canından əziz bilirdi, sevirdi xalqını”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və qurucularından, həmçinin, məşhur “91-lər”dən olan, hakim partiyanın İdarə Heyəti və Siyasi Şurasının üzvü, professor, Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov telekanallardan birində çıxışı zamanı deyib. E. İbrahimov H. Əliyevlə bağlı çoxsaylı xatirələrindən birini danışıb: “Mən özüm şahidiyəm, Heydər Əliyev Azərbaycan xalqını necə sevir, onun dərdlərinə, problemlərinə necə ürək ağrısı ilə yanaşırdı…O vaxt Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyəndə onun otağında istilik yox idi, otaqda soyuqdan durmaq olmurdu. Belə məsləhət bilindi və deyildi ki, onun otağına odun sobası qoyulsun. Heydər Əliyev də dedi ki, nolar, qoyulsun. Amma sual verdi ki, bu sobanın tüstüsü haradan bəs çıxacaq, dedilər ki, pəncərədən… Dedi ki, həmin tüstü çıxanda camaat bəs mənə nə deyəcək, deməyəcəkmi ki, biz soyuqdan donuruq, Heydər Əliyev isə isti yerdə oturub, olmaz, mən bunu qəbul edə bilmərəm…” E. İbrahimov həmiçinin sakini və uzun illərdən bəri parlamentdə-MM-də təmçsilçisi olduğu Naxçıvanın çox ağır günlər yaşadığını və məhz H. Əliyevin sayəsində həm Muxtar Respublikanın, həm də bütövlükdə Azərbaycanın çətinliklərdən, maddi-iqtisadi sıxıntılardan qurtulduğunu söyləyib: “O zamanlar Naxçıvanda vəziyyət, dolanışıq həddindən artıq çətin idi…Həm Ermənistanın blokadası, həm də Azərbaycana rəhbərlik edən şəxslərin Muxtar Respublikaya, Heydər Əliyevə qısqanc, ögey münasibəti Naxçıvanın durumunu daha da çətinləşdirmişdi… Yaxşı yadımdadır, biz o zaman gözləyirdik ki, axşam saat 6-7 olsun, İrandan çörək gəlsin və evimizə çörək ala bilək. Bizim camaat dəmiryolu vağzalına gəlib çörək almaq üçün saatlarla çörək növbəsində dayanırdılar… Yaxud da, Türkiyədən çörək, ərzaq gəlirdi, camaat ona göz dikmişdi… Yəni, vəziyyət bu dərəcədə çətin idi… Qoy indiki gənclərimiz bilsinlər ki, ölkəmiz bu vəziyyətə elə-belə gəlib çıxmayıb…Ölkəmiz, vətənimiz məhz Heydər Əliyevin sayəsində bəlalardan, çətinliklərdən qurtulub bugünkü vəziyyətinə gəlib çatıb…” YAP rəsmisi eyni zamanda, bunları deyib: “90-cı illərin əvvəllərində Azərbaycan adlı dövlət az qala yox olmaq ərəfəsindəydi…. Heydər Əliyev yenidən hakimiyyətə gəldi, Azərbaycanı qısa müddət ərzində yox, məhv olmaq təhlükəsindən xilas etdi… Qısa müddət ərzində “Əsrin müqaviləsi” imzalandı… Bu da məhz Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində mümkün oldu… Çünki daxili və xarici düşmənlər bu müqavilənin imzalanmasını istəmirdilər… Həmin müqavilədən az sonra rəhmətlik Afiyəddin Cəlilovla Şəmsi Rəhimov qətlə yetirildilər… Bunlar Heydər Əliyevə təzyiq mesajları idi. Bunun ardınca 4 oktyabr dövlət çevrilişinə cəhd oldu… 1995-ci ilinm martında növbəti dövlət çevrilişinə cəhd baş verdi… Dediyim kimi, bir çox dövlətlər və qüvvələr Azərbaycanın müstəqiliyini həzm edə bilmirdilər, onlar Azərbaycanı balaca, zəif, oyuncaq bir dövlət kimi görmək istəyirdilər… Ancaq Heydər Əliyev qısa zamanda Azərbaycanda həm ictimai-siyasi sabitlik yaratdı, həm də bir sıra beynəlxalq layihələrə imza atmaqla, Azərbaycanı inkişafa çatdırdı…”
KAMİL
Gununsesi.info