“Hicabı gözəlləşdirmək Allaha da xoşdur” - DİN DƏBLƏ UYĞUNLAŞMALIDIR?

  • Müəllif: admin
  • 27 Noyabr 2017 16:52

Müasir dövr dəbi və gözəl görsənməyi hər bir baxımlı qadının stereotipinə çevirib. Bu əlamətlər hətta dindar və hicablı qadınlara da sirayət edib.

Gununsesi.info primetime.az-a istinadən xəbər verir ki, onlar dinlə dəbi uzlaşdıraraq fərqli “müasir hicab” obrazını yaradırlar.

Beləliklə, əksər xanımlar hicaba “müasir stil” verərək onu dəblə birləşdirməyə çalışır. Lakin onların arasında çarşabdan yalnız bir müddət geyim dizaynı kimi istifadə edənlər də var.

Bəs İslam dinində və şəriətdə müasirliyin bu stereotiplərinə necə yanaşılır? Din dəbdə nələri qadağan edir? Quranda rənglər barədə hansı məhdudiyyətlər var? Bunları öyrənmək üçün dinşünas və modelyerin fikirləri ilə maraqlandıq.

İlahiyyatçı Fərid Abdullah cavabında dəbin şəriət qanunlarına uyğun olmadığını və İslam dininə görə qadınının qapalı geyinməli olduğunu deyib:

“Xanımların hicabı dəbə uyğunlaşdırması və bəzək vasitəsi kimi istifadə etməsi şəriətin qanunlarına ziddir. İslam dininə görə, qadın geyiminə zövqlə deyil, əql və imanla yanaşmalıdır. Dəb qadını görünüşü ilə, hicab isə onu əməlləri və imanı ilə tanıdır.

Quranda hicabla da bağlı müxtəlif ayələr var. İslama görə qadınlar başları ilə yanaşı bədən və əzaların formasını da gizlətməlidir. Hicabın əsas məqsədi qadını özünü nümayişə çıxarmaqdan, ətrafın diqqətini üzərindən çəkindirməkdən ibarətdir. Dəbdə isə bu nüanslara əməl olunmur.

Bunun üçün çarşabın dəbə uyğunlaşdırılaraq onun mahiyyətinin itirilməsi və cürbəcür formalara gətirilməsi düzgün deyil.

Bəzi müasir xanımların hicabın mahiyyətinə varmadan diqqət çəkmək məqsədilə ondan istifadə etməsi son dərəcə dəbdən irəli gəldiyini də deyə bilərik. Azərbaycanda 90-cı illərə nəzər yetirsək, o zamanlar qadınların qapalı geyindiklərini görərik. Lakin sonradan Türkiyə və digər müsəlman ölkələrindən gələn yeni tərzdə olan dini geyimlər Azərbaycanın hicab kolleksiyalarında da müəyyən dəyişiklələrə səbəb oldu”.

O, həmçinin libasın rəngləri ilə bağlı da münasibət bildirib: “Quranda rənglər barədə heç bir məhdudiyyət yoxdur, ancaq adi vaxtda qadınların əlvan və cəlbedici rənglərdən istifadə etmələri məqbul sayılmır. Bəzi rənglər rəmzi məna daşıdığına görə onlardan yerində istifadə olunmalıdır. Məsələn qırmızı rəng toy və şənlik, qara isə matəm əlaməti olduğu üçün onların yerində istifadəsi məqbul sayılır”.

Hicablı modelyer Leyla Əhmədova isə İslamı müasir həyata uyğun yaşamalı olduğumuzu deyib:

“Müasir dövr bizdən gözəl görünməyimizi və dəblə ayaqlaşmağımızı tələb edir. Quranda paltarların ölçüsü və rəngi barədə heç bir məhdudiyyət yoxdur. Hicab müsəlman qadının dəsti-xəttidir və müqəddəs kitabda bununla bağlı əsas amil başın və bədənin diqqət çəkən hissələrinin örtülməsidir. Dəb və gözəllik bu amilləri aşmırsa, bu zaman hər bir müsəlman qadın da dəblə geyinə bilər. Hicabı dəbə uyğun geyinmək, onu daha da gözəlləşdirmək Allah təalaya da xoşdur. Peyğəmbər əfəndimizdə buyurub ki, qadınlar gözəl və səliqəli görünməlidir. Mən baş örtüyünün müxtəlif tərzdə və fərqli dizaynda olmağına üstünlük verirəm.

Azərbaycanın demək olar ki, 80% hicablı xanımları da dəbli modelləri və müasir üslublu baş örtülərini seçir. Rəng seçiminə gəldikdə isə daha çox sakit, incə göstərən və bədən fiqurasını qabartmayan çalarlar olmalıdır. Hicabda əsas məqsəd saç və sinə hissəsini gizlətməkdir və buna əməl edən hər bir hicablı xanımın da gözəl görünməyinə heç bir maneə yoxdur.

Gununsesi.info