Hindistan və Çin hərbçiləri sərhəddə dalaşıblar

  • By admin
  • 10 May 2020 13:39

Şənbə günü Hindistan və Çin hərbçiləri sərhəddə dalaşıblar.

Gununsesi.org-un PTI agentliyinə istinadən verdiyi məlumata görə, hər iki tərəfdən 150-yə qədər hərbçinin əlbəyaxa dava-dalaşı Hindistanın Sikkim ştatının Çinlə sərhədində baş verib.

Hazırda dava-dalaşda iştirak edən hər iki ölkənin hərbçiləri hadisə yerindən uzaqlaşdırılıblar. Münaqişə iki ölkənin bölgədəki komandirlərinin danışıqlarından sonra başa çatıb.

İlkin məlumata görə, tərəflər odlu silahdan istifadə etməyib, dava-dalaş zamanı bir-birlərinə daş-kəsək atıblar.

Xatırladaq ki, Hindistan və Çin arasında 1962-ci ildə silahlı qarşıdurma olub. Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.

 

 

Gununsesi.org