
Onlar Azərbaycan mətbəxinə heyran qalıb
“The İndia Today” kimi Hindistanın media nəhəngi Arya və Sayyeshaa-nın Bakıya səfəri ilə bağlı xəbər yayıb. Onların hər ikisi kino sahəsində çalışır. Hindistanın kino ulduzları sırasında öndə gedirlər.
Ötən ilin martında Heydərabadın Falaknuma kral sarayında onların toyu olub. Hazırda onlar həm də bir yerdə çalışırlar. İşdən vaxt edib Avropa turuna çıxıblar. İyunun 19-da sosial şəbəkələr üzərindən onlar Bakı ilə bağlı təəssüratlarını və fotolarını paylaşıblar. “Heyrətamiz” adlandırdıqları Azərbaycan mətbəxi haqqında yüksək fikirlər ifadə ediblər.
Hündürlüyü 190 metr olan “Alov qüllələri” kompleksinin fonunda çəkilən fotolarda onların birgə xoşbəxt və məmnun olduğu aydın görünür. Hər halda “The İndia Today” belə yazır.
Cənab Arya “Instagram” üzərindən yaydığı başqa bir fotoda yazır ki, onun baş rolda çəkildiyi “Madhrasapttinam” filminin kasetinə sahib olan xanımla Azərbaycanın kəndlərinin birində qarşılaşmaq onun üçün çox xoş olub. Aktyor həmin xanımla olan fotosunu da paylaşıb.
Əlbəttə, Azərbaycanla, Bakı ilə bağlı bu cür pozitiv məlumatların yayılması son dərəcə müsbət hadisədir və ölkəmizdə turizmin inkişafına təkan verir.
Gununsesi.org












