Xəbər verdiyimiz kimi, sabah Azərbaycanda Aşura Günüdür.
Qanunvericilikdə yetkinlik yaşına çatmayan uşaqların bu məclislərə qatılması qadağan edilsə də, müzakirələri davam edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Gununsesi.info-ya danışıb.
O bildirib ki, ümumiyyətlə, bu məsələ qanunvericilikdə də qadağandır:
“Birinci növbədə, bu, həm də hansısa bir qrupun müəyyən etdiyi ritiuallardır. İslam dini ilə əlaqəsi yoxdur. Çünki İslam dinində müxətlif məzhəblər, təriqətlər, axınlar, cərəyanlar var, onların da hər birinin İslama uyğunlaşdırdığı adətlər. Konkret desək, İslamda iki bayram mövcuddur. Qurban bayramı və Ramazan bayramı. Bunlardan başqa heç bir matəm günü nəzərdə tutulmur. Quranda da bununla bağlı hansısa bir hökm yoxdur. Bu, uzun illərdən bəri bizim İran ənənəsindən qaynaqlandığımız bir vərdişdir. 1828-ci ildən əvvəlki dövrdə İran arealının təsiri altında qaldığımıza görə, bir çox hallarda dinin təhrif olunmuş formalarını yaşamışıq. İndi zaman dəyişib, artıq modern dövlətik. Baxmayaraq ki, müstəmləkə əsarəti altında olmuşuq, amma dünyəvi hüquqla idarə olunan bir ölkənin müstəmləkəsi olduğumuza görə, həmin dünyəvi modeli sonradan müstəqil dövlət yaradanda seçmişik və yeni zamana qədəm qoymuşuq.”, – deyə o, həmçinin qeyd edib.
Fazil Mustafa eyni zamanda bildirib:
“Amma bizim cəmiyyətdə tarixlə yaşayan, dinin indiki mənəvi prinsiplərindən daha çox tarixi prinsiplərini önə çəkən insanlar var, onlar da bunu adət olaraq yaşatmağa çalışırlar. Bu da hər kəsin öz inanc, vicdan azadlığı var deməkdir və bu məsələyə irad söyləmək doğru deyil. Kimsə xürafat, cəhalət saya bilər, ancaq inancdır. Hindistanda da, Nepalda da, Çində də hər kəsin öz tabusu, inamı var. Bu inam o vaxt dövlətlə problem yaşayır ki, dünyəvi dövlətin prinsiplərinə zidd gəlir. Bizim Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dünyəvi dövlət olaraq qeyd olunur. Dünyəvi dövlətin də özünün parametrləri var. Yəni dini ehkama əsaslanan dünya görüş heç bir sferada hakim ola bilməz. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların bu prosesə cəlb edilməsi ciddi qanun pozuntusudur. Buna görə də valideynlər məsuliyyət daşıyır. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələ ilə də bağlı ciddi mübarizə aparır. Hesab edirəm, uşaqların cəlb edilməsi qarşı açıq və ciddi formada məsuliyyət tələb olunmalıdır. Bütün hallarda Azərbaycan cəmiyyəti hər hansısa bir şəkildə başqa ölkələrin dini təsiri altında olsa da, yəni bura təkcə İrandan yox, Ərəb ölkələrindən, Türkiyənin özündən də söhbət gedir – dünyəvi dövlətin müasirlik prinsiplərinə zidd olan hər şeyin qarşısı alınacaq”.
Orxan












