“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” adlı yeni aksiyaya start verilib

Bu gün dünyada suyun həyatımız üçün vacibliyi, su ehtiyatlarından səmərəli istifadə nə qədər aktualdırsa, su ekosisteminin dayanıqlılığı, onun mühafizəsi də o qədər zəruridir. Deməli, ölkəmizin su hövzələrini mənfi təsirlərdən qorumaq, vətəndaşların onlardan davamlı istifadəsini təmin etmək hər birimizdən asılıdir.

Gununsesi.info xəbər verir ki, cəmiyyətimizdə bu işi təbliğ və təşviq etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Təmiz hövzələr” devizi altında “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” adlı yeni aksiyaya başlanılıb.

Nazirliyin Mətbuat katibi İradə İbrahimova bildirib ki, ölkənin su hövzələrinə, onun ekosisteminə və bioresurslarına zərər vuranlara qarşı ardıcıl olaraq tədbirlər görülür, lakin mühafizə işinin daha da əhatəli olması üçün ictimai dəstəyə həmişə olduğu kimi, yenə də zərurət var.

“Media təmsilçilərinə, ictimaiyyət nümayəndələrinə, hər bir vətəndaşımıza müraciət edirik ki, balıq ehtiyatlarının tükənməsinin qarşısının alınması, su hövzələrinə buraxılan balıq körpələrinin böyüməsi və onların təbii populyasiyasının artımına nail olunması üçün “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” çağırışına qoşulsunlar, çünki bu işdə ictimaiyyətin rolu həlledicidir.

Odur ki, su hövzələrində rast gəldiyiniz sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, eləcə də, teleqram qrupuna (https://t.me/+tb9ED95-my9iOTIy) dəqiq koordinatlar göstərilməklə məlumat verməyinizi xahiş edirik”.

 

 

Gununsesi.info