İcra başçısı barədə şok iddia: Qayınanasının adına subsidiya alıb, obyektlərinin sayı-hesabı yoxdur – VİDEO

  • By admin
  • 17 Noyabr 2019 18:13

Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib.

Gununsesi.org Oxu-az-a istinadən xəbər verir ki, bu barədə Ziya Mahmudov adlı Tərtər sakininin çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlarda bəhs edilir. Sakin yolun kənarı boyu düzülən və icra hakimiyyətinin başçısına məxsus olduğu iddia edilən çoxsaylı kommersiya obyektlərini göstərib deyir: “İcra başçısı rayonu işğal edib”.

Habelə sakin Tərtərin girişində icra başçısına aid olduğu deyilən və yeni tikilməkdə olan ikimərtəbəli kommersiya obyektini də nişan verir: “Bu da icra başçısının təzə mağazasıdır, gözü doymayıb, birini də tikdirib”.

 

Sakin Müstəqim Məmmədovun Tərtərdə dövlət mülkiyyətində olan yüzlərlə hektar torpağı da aldığını, özünə mülklər tikdirdiyini , onun qonşu rayonlarda da biznes obyektlərinin, mülklərinin olduğunu bildirir. Eyni zamanda qeyd edir ki, icra başçısı şəxsi biznesini genişləndirməkdə olduğu bir vaxtda rayonda şəhidin adını daşıyan bulaq baxımsızlıqdan uçub dağılır…

Belə görünür ki, icra hakimiyyətinin başçısının çoxsaylı kommersiya obyektləri, mülkləri barədə kadrları çəkib internetdə yayan Tərtər sakini prezident İlham Əliyevin son çıxışlarından ruhlanıb. Prezident yeni təyin edilən icra hakimiyyəti başçılarını qəbul edərkən onların qarşısında vətəndaşlara xidmət, dürüstlük və insanların problemlərinə diqqətlə yanaşmaq barədə ciddi vəzifələr qoyub. Habelə prezident vətəndaşlara müraciət edərək bildirib ki, hansısa məmurun, icra hakimiyyəti başçısının tutduğu vəzifədən istifadə edib varlanmasına, korrupsiyaya və rüşvətə qurşanmasına, ümumiyyətlə, əyri yola getməsinə dair faktları dərhal ona çatdırsınlar.

Həmin sakin daha əvvəl də yerli KİV-lərdə icra başçısı haqda şikayətlərlə çıxış edib, amma raton İcra Hakimiyyətindən onun şikayətlərinin “əsassız olduğunu, Müstəqim Məmmədova şər-böhtan atdığını” bildiriblər.

Müstəqim Məmmədov 2014-cü ildə Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əvvəl isə Yevlax rayonunda icra hakimiyyətinin başçısının müavini işləmişdi.

Xatırladaq ki, M. Məmmədov bir müddət əvəl qayınanasının adına dövlətdən külli miqdarda subsidyalar alaraq biznes qurması xəbəri ilə gündəmə gəlmişdi. Həmin xəbərdə deyilidi ki, icra başçısı qayınanası 80 yaşlı Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alıb.

Yayılan xəbərlə bağlı Müstəqim Məmmədov da açıqlama vermişdi: “Bu dövlət torpağıdır. Hər kəsin hüququ var ki, torpağı götürüb əksin. Doğrudur. İstəsəniz, özünüz də gəlib burda araşdırma edə bilərsiz. Belə məsələlər telefonla həll edilmir”.

 

Gununsesi.org