İlham Əliyev jurnalist Emin Hüseynovdan danışdı: “O, məndən xahiş etdi ki, onu vətəndaşlıqdan məhrum edim”

  • By admin
  • 20 Sentyabr 2016 17:10
emin

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev bu səfərin maraqlı keçəcəyinə ümidvar olduğunu və ölkəmiz, reallıqlarımız, planlarımız haqqında daha çox məlumat əldə etmək üçün yaxşı fürsət yaratdığını bildirib.

Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim Bakıda yüksək səviyyədə qarşılandıqlarını bildirib. O, Bakıda keçirilən görüşlərin səmərəli və konstruktiv olacağına əminliyini də ifadə edib.
Prezidenti İlham Əliyev qonaqlara  Azərbaycanda yaxşı vaxt keçirəcəklərinə ümidvar olduğunu bildirib: “Düşünürəm ki, bu gün burada aparılacaq və sonra həmkarlarınızla keçiriləcək müzakirələr əməkdaşlığımızın gələcək inkişafına daha çox aydınlıq gətirəcək. Lakin ilk növbədə mən bir il bundan əvvəl baş verənləri və niyə bu gün bizim əlaqələrin bir növ bərpası ilə bağlı danışmalı olduğumuzu qeyd etmək istəyirəm. Bu gün yəqin ki, bir çox məsələlərə aydınlıq gətirmək və gələcək işlərimizi planlaşdırmaq üçün çox açıq müzakirələrin aparılması baxımından yaxşı imkan olacaq. Çünki təəssüf ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik. Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq. Məndə bununla bağlı sənəd var. Bilmirəm, sizin hamınız bu barədə məlumatlısınız yoxsa yox, yəqin ki, məlumatlısınız. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələlər var, lakin düşünürəm ki, bəzilərini qeyd etməyə dəyər. Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar.
Burada deyilir ki, son bir neçə ildə, ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir. Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar”-, deyə prezident vurğulayıb.
Meydan TV direktoru Emin Milli bə hüquq müdafiəçisi Emin Hüseynov məsələsinə toxunan prezident İ.Əliyev Meydan TV-nin direktoru Emin Millinin guya ölümlə hədələndiyini deyib: “Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm, niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir. Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, cənab Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır”.
Prezident əlavə edib ki, guya  2006-cı ildən bu yana dinc nümayişçilərə Bakının mərkəzində nümayişlər keçirmək qadağan olunub : “Yalandır. Nümayişlər qadağan olunmayıb. Sərbəst toplaşma azadlığı ölkəmizdə tam şəkildə təmin olunur. 2006-cı ildən bu yana, 2006-cı ildən əvvəl və indi Bakının mərkəzində müxalifət azad şəkildə mitinqlər keçirib. Onlar bir neçə yüz adam toplayıblar. İnsanların niyə bu nümayişlərə getməməsi ayrı məsələdir. Lakin onlar dinc, azad olub və hər kəs, o cümlədən səfirlik bunu sübut edə bilər. Beləliklə, daha bir yalan”.
Gununsesi.info