İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvanla bağlı mesajları- Rəsmi Bakı hədəfləri böyüdür

  • By admin
  • 14 İyul 2021 17:48

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvana qayıdacağımızla bağlı dediklərində 10 noyabr bəyanatına istinad etməsi diqqət çəkir:

“Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.

Gununsesi.info xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı deyir ki, Azərbaycan Prezidenti zaman-zaman Zəngəzur, Göyçə və İrəvana qayıtmaqdan bəhs edib, lakin ilk dəfədir ki, bunu konkret sənədə istinadən vurğulayır.

Və bu o deməkdir ki:

– Rəsmi Bakının qaçqınların qayıdışı ilə bağlı gündəminə təkcə Qarabağ yox, Zəngəzur, İrəvan və Göyçə də daxildir və istisna deyil ki, məsələ qapalı danışıqlarda masaya qoyulub;

– Rəsmi Bakı azərbaycanlıların öz tarixi torpaqlarına – Zəngəzura, İrəvana, Göyçəyə qayıdışını beynəlxalq müstəvidə qaldırmağa hazırlaşır.

Ekspert Azərbaycan Prezidentinin bugünkü çıxışından aşağıdakı sitatı da xatırladıb:

“Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq… Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

“İlham Əliyev sülhməramlıların nəzarətində olan ərazilər – Xankəndi, Xocalı və Xocavənd – haqda yekun qərarı da açıqlayır: “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib””, siyasi şərhçi bildirib.

A.Nərimanlı deyir ki, rəsmi Bakı hədəflərini böyüdür:

“Qarabağ məsələsi bitdi, hədəf tarixi torpaqlara qayıdışdır – İrəvana, Zəngəzura, Göyçəyə… Bu, həm də Qarabağ məsələsinin bitdiyini qəbul etdirmək üçün strateji gedişlərdən biri hesab oluna bilər”.

Gununsesi.info