İnsanlar Hacı Şahinə ona görə inanır, sevir və hörmət edirdi ki… - Kəramət Böyükçöl yazır

Dövlət hakimiyyəti və cəmiyyətlə münsibətlər sistemini paralel saxlamaq çətin bir missiyadır. Həm sistemin, həm də cəmiyyətin rəğbətini qazanmaq, eyni zamanda bu ictimai güvəni qoruyub saxlamaq üçün sirli bir gücə sahib olmaq lazımdır. Buna, bəlkə də ilahi missiya da demək mümkündür.

Hacı Şahin ən çox bu xüsusiyyətinə görə dəyərli idi. İnsanlar Hacı Şahinə ona görə inanır, sevir və hörmət edirdi ki, o, həm dövlətdən cəmiyyətə, həm də cəmiyyətdən dövlətə daşıdığı yükdə şərə yox, xeyrə xidmət edirdi. Belə adamlar dövlət hakimiyyəti ilə cəmiyyət arasında elə bir körpüdür ki, oradan o üzə, o üzdən də bu üzə ancaq faydalı yüklər keçir.

Hacı Şahinin bu missiyası get-gedə böyüməkdə idi. Bəzən dini, bəzən ictimai, siyasi dünyagörüşlərinə uyğun gəlmədiyi üçün açıq deməsələr də, yazılan xatirələrdən də görünür ki, Hacı Şahin hamının dostu idi. Müxtəlif idealogiyalara sahib adamlar məhrəm məsələlərdə öz əqidədaşlarından çox Hacıya etibar edirdilər. Çünki o, insanı sevir, insanlığa hörmət edirdi. Çıxışlarında da deyirdi ki, dindən qabaq həyatı öyrənmək lazımdır. Həyatı öyrənəndən sonra daşlar öz-özünə yerinə oturacaq. Yadıma gəlir ki, içdiyim vaxtlarda Hacı Şahin zəng edir, məni düşdüyüm ağır depressiv durumdan çıxmağım üçün diqqətini əsirgəmirdi. Ən vacibi isə mən onun münasibətində təmənnasız səmimiyyəti hiss edirdim. Bu, kor-koranə bir səmimiyyət, yəni instiklərin diqtəsi deyildi, həyat bilgisindən gəlirdi. İndi votsapda son doğum günümü təbrik etdiyi səsə təzədən qulaq asdım. Çox təsir etdi. Ruhun şad olsun, gözəl insan! Sənə sevgisi də ən çox dürüst adam olmağına görədir. Bu missiya öz ürəyini partladıbsa, gör nə qədər ürəklərə od qoyubmuş.

Xatirənə sayğılar!
Kəramət Böyükçöl