İpoteka kreditlərinin verilməsi dayanıb?

  • By admin
  • 04 İyul 2016 18:03

ipoteka

 

 

Azərbaycan İpoteka Fondu (AİF) ümumilikdə 730 milyon 802 min manat dəyərində 17 min 997 ipoteka krediti verib. Bu statistika iyulun 1-ə olan vəziyyəti əhatə edir.

İyunun əvvəlinə də göstərici eyni olub. Ötən ay heç kim mənzildən ötrü kredit almayıb. Mayda isə hər biri 50 min manat olan 2 ipoteka krediti verilib. Apreldə də 93,02 min manatlıq 2 kreditin verildiyi deyilirdi.

Ötən il ipoteka krediti alanlara daha səmərəli olub – 97 milyon 273,98 min manatlıq 2 min 146 kreditin verildiyi açıqlanıb.

İpoteka kreditləri 2006-cı ildən verilir.

2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4 faizlə 50 min manata qədər ipoteka kreditinin verilməsi) faktiki olaraq yoxdur.

İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8 faizlə 50 min manata qədər) verilməsi dayanıb.

Ekspertlərin fikrincə, bunun səbəbi kreditin səlahiyyətli maliyyə strukturlarına sərfəli olmamasıdır. Çünki onlar istehlak (ildə 20 faizdən 40 faizə qədər) və sahibkarlıq (12-18 faiz) kreditlərindən daha çox qazanırlar.

Halbuki, ölkə başçısı bu il ipoteka kreditlərinin verilməsinin sadələşdirilməsindən ötrü bir sıra sərəncamlar verib. Sonuncu belə fərman iyunun 22-də imazalanıb.Orada ipotekaların elektron qaydada verilməsi nəzərdə tutulur.

Üstəlik, Azərbaycanda yeni tikilən, ancaq Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi gecikən binalardan mənzillərin alınmasına da ipoteka kreditlərinin verilməsinə imkan yaradılıb. Əvvəllər buna icazə verilmirdi.