İrəvandakı “qiyamçılar” silahı yerə qoymur -FOTOLAR

  • By admin
  • 25 İyul 2016 01:29

rtrtr

Yerevanda polis keşikçi-patrul xidməti (KPX) alayını ötən bazar günü ələ keçirən silahlı dəstə girov saxladığı son dörd polis əməkdaşını azad buraxıb, lakin silahı yerə qoyub təslim olmağa hazırlaşmır.

Bunu iyulun 17-dən bəri polis tərəfindən mühasirəyə alınmış KPX alayı ərazisinə ilk dəfə daxil olmuş jurnalistlərlə görüş zamanı silahlı “qiyamçılar” deyib.

Onların tələbi ilə KPX alayı binası ilə polis tərəfindən yük maşınları ilə bağlanmış Xorenatsi küçəsinin “neytral hissəsində” mətbuat məntəqəsi yaradılıb.

Əsaslı yoxlama keçib, telefonları və ya telefon kartlarını təhvil verdikdən sonra jurnalistlər yük maşınları arasından keçib silahlı dəstənin nəzarət etdiyi əraziyə buraxılıblar.

Polis KPX alayını ələ keçirən silahlı qrupun sayı bilinmir. Onun əsasını Qarabağ müharibəsi veteranlarından ibarət “Sasna tsrer” – “Sasunlu çılğınlar” – könüllülər dəstəsinin üzvləri təşkil edir.

Lakin onların arasında daha gənc silahlılar da var.

“Tələblər dəyişməyib”

Image captionVarujan Avetisyan deyir ki, silahlı dəstənin tələbləri dəyişməyib – Müəssislər Məclisinin lideri Jirayr Sefilyanın həbsdən buraxılması və prezident Sarkisyanın istefası

“Biz silahlı üsyana qalxmışıq, ölkəmizi azad etmək missiyası ilə əlimizə silah almışıq. Bizim tələblərimiz dəyişməyib. Siyasi məhbuslar, o cümlədən, Jirayr Sefilyan azadlığa buraxılmalı, Serj Sarkisyan istefa verməlidir”, – silahlı dəstənin üzvü Varujan Avetisyan dedi.

Varujan Avetisyanın sözlərinə görə, son məqsəd – “rejimi kənar etmək, Ermənistan Respublikasında əsaslı sistem dəyişikliyinə nail olmaq üçün xalq etimadı hökumətini” yaratmaqdır.

Onun sözlərinə görə, Sefilyanın azad edilməsi və Sarkisyanın istefasına nail olmayınca silahlı dəstənin buranı tərk etməyəcəyini dedi.

Varujan Avetisyan hazırda ölkədə “iki siyasi polyus” yarandığı və onlardan birinin “üsyançılara güclü dəstək” olduğunu deyir: “Bir qütbü biz və küçəyə çıxan xalqdır, ikincisi – hələ ki mövcud olan rejim. Bu yaxşıdır. Çünki siyasi məkanda inhisarçı yoxdur və bu, tədricən əsaslı dəyişikliklərə gətirər”.

“Terrorist deyilik”

“Yalquzaq” ləqəbli keçmiş döyüşçü Araik Xandoyan jurnalistlərlə əraziyə polis əməkdaşının daxil olmasına hirslənib. Polis ərazini tərk edib

“Biz terrorist deyilik, – Avetisyan deyir. – Biz üsyana qalxmış insanlarıq, hakimiyyəti xalqa qaytarmaq üçün əlimizə silah almışıq”.

“Yalquzaq” döyüş ləqəbli Araik Xandoyan polis alayına hücum edəndə, kiməsə zərər yetirmək ya girov götürmək fikri olmayıb.

“Biz dünən söz verdik ki, onlar evə gedəcəklər. İlk gündən bütün polis əməkdaşlarını biz öz könüllü olaraq buraxmışıq, bizi heç kəs məcbur etməyib. Amma onlar [hakimiyyət] bizi aldatmağa çalışırlar. Bizim tələbimiz nədir? Bütün siyasi məhbusları – küçələrdən, mitinqlərdən tutub apardıqları insanları azad etsinlər”, – BBC müxbirinə Araik Xandoyan deyib.

“Heç kəsin bizi, əlimizə silah aldığımıza görə, qınamağa mənəvi haqqı yoxdur… Mən bunu sizin üçün, mənim səkkiz yaşlı qızım, altıaylıq nəvəm, 100 yaşlı babam və nənəm üçün edirəm”, – Ararik Xandoyan deyir.

“Biz bura kimisə girov götürmək məqsədilə gəlməmişik. Yaranmış vəziyyətdə onlar bizim ərazidə qalıblar. Bizimlə oturub-durub, müxtəlif məsələlər ətrafında söhbət ediblər.”, – Varujan Avetisyan deyir.

“Proses 15 gün davam edə bilər”

Image captionSilahlı qrup əsasən “Sasna tsrer” adlı döyüş dəstəsinin üzvlərindən təşkil edilib
Image captionSilahlı qrupun Qarabağ müharibəsində iştirak etməmiş daha gənc üzvləri də var

Şənbə günü prezident Sarkisyanın “silahı yerə qoyub hakimiyyətə təslim olmaq” çağırışına Mxitar adlı döyüşçü ciddi yanaşmır, ehtimal edir ki, “onlar [hakimiyyət qüvvələri] cəsarət etməz, çünki biz son gülləyədək vuruşmağa hazırıq, onlar öz həyatını bu hakimiyyət üçün verməyə hazır deyil”.

Varujan Avetisyan hökumət qüvvələrinin məsələni silahla həll etmək ehtimalını istisna etmir.

Image captionBu yük maşını ilə polis KPX alayının darvazası dağıdılıb

“Georqi Kutoyanla [MTX rəisi] razılığa gəlmişdik ki, polisləri buraxandan sonra burada KİV nümayəndələrinin olması təmin olunar, mətbuat məntəqəsi yaradılar, internet və telefon rabitəsi çəkilər. Biz həmçinin razılaşdıq ki, proses azı 15 gün, maksimum 1 ay davam edə bilər”, – Avetisyan deyir.

Lakin, onun sözlərinə görə, “rejim növbəti dəfə yalançı çıxdı, bizi aldatmaq istəyirlər”. Belə olan halda isə, silahlı dəstəyə qarşı hücum əməliyyatı tətbiq ediləcəyini “istisna etmək olmaz”.

Ərazidə polisə məxsus texnika da qalıb

“Lakin nəticədə onlarla, bəlkə, yüzlərlə insan həlak ola bilər, və bunun üçün məsuliyyət hakimiyyət və bilavasitə prezidentin üzərinə düşür”, – silahlı dəstənin üzvü Avetisyan deyir.

Bu arada, KPX alayı ərazisi yaxınlığında mitinqlər davam edir. Hər axşam yüzlərlə insan Xorenatsi küçəsinin polis tərəfindən yük maşınları ilə bağlanmış hissəsində mitinqə toplaşır. Onlarla insan gecəni burada keçirir. Kimsə qan tökülməyə yol verməmək, kimsə “Sasna tsrer” qrupuna dəstək vermək və ölkədə yaranmış durumu müzakirə etmək üçün hər gün bura gəlir.

BBC Azəri