İradə Cavadovadan Vəkillər Kollegiyasına Açıq məktub - TƏLƏB EDİRƏM Kİ...

  • By admin
  • 14 İyun 2018 20:26

Vəkillər Kollegiyasının məşhur vəkil İradə Cavadova ilə bağlı qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Qeyd edək ki, Vəkillər Kollegiyası Azərbaycanda kifayyət qədər nüfuzu olan iradə Cavadovanın kollegiyadan çıxarılmasına dair məhkəməyə müraciət edilməsi üçün qərar qəbul edib.

Bu arada isə hüquq elmləri namizədi İradə Cavadova  Vəkillər Kollegiyasının Rəyasət Heyətinə, Vəkillərin İntizam Komissiyasının üzvlərinə Açıq Məktub yazıb.

Gununsesi.info həmin məktubu təqdim edir: 

11 iyun 2018 ci il tarixində A.R.Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən saat 18.30 radələrində təcili iclasa çağırılmışam. Həmin iclasda Vəkillərin İntizam Komissiyasının üzvü Ş.Məmmədov K.Mürsəlovanın şikayətini əsas gətirərək, bütün sübutlara toxunmayaraq, məruzə etmişdir və barəmdə hec bir sübuta söykənməyən qərəzli rəy təqdim olunmuşdur.

Bunun əsasında Rəyasət Heyətinin üzvləri 2005-ci ildən indiyə qədər bir dəfə də olsun barəmdə hər hansı bir intizam tənbehi olmadığı halda əsassız və qərəzli qərar qəbul edərək, məni sevdiyim peşəmdən məhrum etmişlər.
Hesab edirəm ki, barəmdə toplanmış materiallar Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının üzvlərinin hamısına təqdim edilməmişdir. Bu iclas iştirakçıların mənə verdiyi suallarından açıq-aydın görünürdü. Yetərincə sübutlarımın olmasına baxmayaraq, Rəyasət Heyətinin üzvləri dəlillərimi qəbul etməmiş və barəmdə yekdilliklə əsassız qərar qəbul etmişdir.
Yuxarıdakı əsasları nəzərə alaraq, barəmdə toplanmış materialları Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının bütün üzvlərinə təqdim edilməsini və həmin sənədlər əsasında yenidən obyektiv qərar qəbul edilməsini tələb edirəm.