İranda növbəti aksiyalar başladı: Həbslər var

  • By admin
  • 22 Aprel 2018 16:17


İranda əhalisinin böyük qismi ərəb olduğu Xuzistan vilayətində son həftələrdə keçirilən aksiyalar zamanı təxminən 150 nəfər həbs olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Asiran” saytına açılamasında Əxvaz vilayətinin deputatı Cavad Kazım Əlbaci deyib. O, aksiyaların Xuzistanda yayımlanan dövlət televiziyasındakı bir verilişə görə başladığını və son həftələrdə 150-yə yaxın insanın polis tərəfindən saxlanıldığını söyləyib.

Aksiyaların sakit şəkildə aparıldığını deyən Əlbaci aksiyaçıların dövləti böhrana salmaq niyyətində olmadıqlarını bildirib:

“Etirazçılar heç bir şəkildə ölkəni böhrana salmaq, ya da rejimə zərər vermək niyyətində deyillər. Sadəcə iranlı olduqlarını və bu ölkəni sevdiklərini söyləyirlər”.

Qeyd edək ki, İran Dövlət Televiziyasında yayımlanan “Qırmızı başlıq” uşaq proqramının 22 mart tarixində efirə gedən seriyasında ölkədəki xalqların etnik kimliyini göstərən bir xəritə nümayiş etdirilmiş, lakin burada ərəblərə yer verilməmişdi. Televiziyanın bu addımını “ayrıseçkilik və irqçilik” adlandıran ərəblər də buna qarşı aksiyalara başlayıblar.

 

Gununsesi.info