İtkin düşmüş alpinistin anası İlham Əliyevə məktub ünvanladı

  • By admin
  • 02 Yanvar 2018 14:35

Xəbər verdiyimiz kimi itkin düşmüş alpinistlərin dekabrın 27-sində başlamış axtarışları indiyə kimi davam etdirilir. Görülən tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də heç bir nəticə əldə olunmayıb.

Gununsesi.info-nun məlumatına görə, “Gilavar” hava və ekstrim idman klubunun üzvlərindən biri olan Hüseynov Babur Vaqif oğlunun anası dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya açıq məktub ünvanlayıb.

Həmin məktubu təqdim edirik:

“İtkin düşən alpinistlərdən Babur Hüseynovun anası Hüseynova Gülxanım Raci qızı tərəfindən cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Açıq məktub:

Cənab prezident və hörmətli Mehriban xanım! Bildiyiniz kimi, içində mənim balamın da olduğu alpinist qrupu itkin düşüb. Baburla dekabrın 23-ü saat 11:30-da telefonla əlaqə saxlamışıq, Xınalıqda olduğunu dedi. Dekabrın 24-ü saat 16:26-da WhatsApp-la əlaqə saxlayaraq hər şeyin yaxşı olduğunu, yazdı. Evdə demişdi ki, 25-i qayıdacaq. Qayıtmadığı üçün dekabrın 26-sı səhər saatlarında Xətai rayon 37-ci polis bölməsinə yazılı müraciət etdik.

Məsələni diqqətinizdə saxladığınız üçün əminəm ki, axtarışların başlama tarixi, saatı barədə məlumatlısınız. Bilirəm ki, axtarışlar müxtəlif qurumlar tərəfindən aparılır, əllərindən gələni edirlər. Hamısına çox təşəkkür edirəm. Amma ana ürəyi dözmür. Hər keçən dəqiqə vaxtın əleyhimizə işlədiyini düşünüb hansı dəhşətli hislər yaşadığımı sözlə ifadə edə bilmirəm. Valideyn olaraq məni yaxşı anladığınızı bilirəm. Cənab prezidentim, hörmətli vitse-prezidentim, sizdən məsələnin birbaşa nəzarətinizə almağı, axtarışların bir az da gücləndirilməsini sonsuz dərəcədə rica edirəm. Ailəmiz pərişandır. Hər an xəbər gözləyirik. Günlər keçdikcə dizlərim bükülür. Oraya səfərbər olunan dəstələrin əllərindən gələni etdiyini bilirəm. Bütün dövlət qurumlarına, balalarımızı axtaran hər kəsə çox təşəkkürümü bildirirəm. Əminəm ki, ən qısa zamanda sizin xüsusi nəzarətinizin bəhrəsi olaraq lazım olan bütün tədbirlər görüləcək. Biz analar da ağlamaqdan gözümüzdə yaş qoymayan balalarımıza qovuşacağıq. Allah hər ikinizə can sağlığı versin, övladlarınızı qorusun.

Hörmətlə, əvvəlcə Allahdan, sonra sizdən pənah gözləyən ana Hüseynova Gülxanım”

Gununsesi.info