
Azərbaycan hökuməti yaxın 3 ildə ölkədə 46 aqroholdinqin yaradılması prosesinin başa çatacağını bildirir. Rəsmi təbliğatın əsas vurğusu budur ki, həmin holdinqlər tam fəaliyyətə başlayandan sonra ölkənin ərazaq təhlükəsizliyinə böyük töhfə olmaqla yanaşı, ölkənin qeyri-neft ixrac potensialı da artacaq.
Rəsmi xəbərlərdə o da deyilir ki, bu holdinqlərin sərəncamında 150 min hektara yaxın kənd təsərrüfatına yararlı torpaq sahəsi olacaq. Bu isə 800 min nəfərə yaxın xırda ailə təsərrüfatlarına islahat nəticəsində verilən pay torpaqlarının 12%-nə bərabər bir sahədir.
Gununsesi.info bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. R.Ağayev qeyd edir ki, ilk baxışdan iri kənd təsərrüfatı holdinqlərinin yaradılması ilə bağlı rəsmi arqumentlər əsaslı görsənir: “ Lakin burda bir neçə problem var. Əvvəla, Azərbaycanda aqrar sektor ən azı 250-300 min nəfər ailənin əsas dolanışıq mənbəyidir. Bu ailələr əllərində ən yaxşı halda 1.5-2 hektar torpaq sahəsi olan xırda təsərrüfatlardır. Belə şəraitdə iri holdinqlərin dövlətin hər cür imtiyazları ilə və nəhəng resurslarla bazara daxil olması rəqabət prinsipini tamamilə alt-üst edir və kənd təsərrüfatında xırda-orta sahibkarlığın sürətlə sıradan çıxması riskini artırır. Hökumətin dövlət torpaq fondu, Aqrolizinq, Sahibkarlığa Kömək Milli Fondu və dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində 3-4 ildə 40-45 holdinqə verdiyi dəstəyi 20 ildə on minlərlə kiçik fermerə verdiyi dəstəyi müqayisə etmək kifayətdir ki, onların hansı fövqəladə hökumət dəstəyi ilə ortaya çıxdığı hər kəsə aydın olsun”.
R.Ağayevə görə, belə holdinqlərin yaranması iqtisadiyyatımız üçün böyük fayda götürə bilər, amma 2 mühüm şərt çərçivəsində: “Birincisi, bu cür holdinqlərin yaradılmasında dövlətin rolu minimum olmalı, əsasən, özəl kapitalın hesabına baş verməlidir. Hansısa özəl sektor təmsilçisi 100 mln. manatlarla xərcləyib iri aqrar müəssisə yaradırsa, buna necə müdaxilə etmək olar? Amma onun yaranmasında bu və ya digər formada dövlət dəstəyi 30%-dən 50%-dək iştirak edəcəksə, burda yüksək səviyyəsdə şəffaflıq və ədalətli iştirakçılıq olmalıdır. Şəffaflıq odur ki, proses tam açıq olmalı, bu holdinqlərin rəsmi sabiblərinin kimliyi və dövlət vəsaitlərinin hansı şirkətlərə və şəxslərə dəstək olduğunu hər kəs bilməlidir. Ədalətli yanaşma odur ki, hər kəsin eyni dərəcədə dövlət dəstəyindən yararlanmaq haqqı olmalıdır. İkincisi, dövlət iri fermer təsərrüfatlarına göstərdiyi dəstəyin eynisini xırda təsərrüfatlara da göstərməlidr. Məsələn, ölkədə ötən ildən aqrar kopperativlərin yaradılması haqqında qanun qüvvəyə minib, bunun ardınca kooperativlərin inkişafı ilə bağlı proqram təsdiqlənib. Hökumət bu normativ sənədlərdən çıxış edərək yaxın 5 ildə ölkədə ən azı, məsələn 250 kooperativin yaradılmasını hədəf kimi qarşısına məqsəd qoya bilər. Bunun nümunəsini artıq Gürcüstan hökuməti edir. Gürcüstanda dağlıq ərazilərdə 0.1 hektar, aran ərazilərdə 0.3 hektar torpaq payı ilə kooperativ yaratmaq istəyən, lakin ən azı 20 payçının iştirakı ilə yaradılmlış üzümçülərə hökumət bilavasitə öz vəsaitləri hesabına 100 ton istehsal gücü olan emal müəssisəsi qurur”.
Vüsalə
Gununsesi.info











