
Uzun illər MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyev və onun keçmiş işçisi Azər Mehdiyev yenidən məhkəmə qarşısına çıxarılıb. Onlar Bakı Hərbi Məhkəməsinin hökmündən narazı qalaraq, apellyasiya şikayəti veriblər.
Gununsesi.info xəbər verir ki, fevralın 8-də Bakı Apellyasiya Məhkəməsində keçmiş MTN-çilərin işi üzrə ilkin baxış iclası keçirilib. Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Sabiq MTN-çilərin vəkilləri bu işə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər.
Elçin Quliyevin müdafiəsinə yeni vəkil qoşulub – Ziyad Abbaszadə. O, vəsatət qaldıraraq, məhkəmədən cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib. Bildirib ki, iş materialları çoxdur.
Məhkəmə ona fevralın 22-nə qədər vaxt verib.
Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra E.Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, nazirliyin Heydər Əliyev Akademiyasının kafedra rəisi təyin edilib. Bu vəzifədə bir müddət işləyəndən sonra isə həbs olunub. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, adamları qanunsuz azadlıqdan məhrum etmə, rüşvət alma, hədə-qorxu ilə tələb etmə kimi ittihamlar verilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə E. Quliyevə 10 il 6 ay, A.Mehdiyevə isə 8 il həbs cəzası verilib. Həmçinin E.Quliyevin general, işçisinin isə polkovnik rütbəsinin alınması haqda da qərar çıxarılıb.
Gülər
Gununsesi.info












