Kolumbiya-Azərbaycan münasibətləri müzakirə olunub

  • Müəllif: admin
  • 31 May 2017 10:02

Azerbaycan kolumbiya

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya XİN mətbuat xidmətindən məlumat verilib.

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində Kolumbiya Respublikasının prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.

İlk olaraq, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını Kolumbiya Respublikasının prezidenti Xuan Manuel Santosa çatdırıb. Xuan Manuel Santos onun salamları və ən xoş arzularının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Kolumbiya prezidenti Xuan Manuel Santos Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu qeyd edib və ölkəmizdə son illərdə əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirib. Həmçinin, o ilk fürsətdə məmnuniyyətlə Azərbaycan Respublikasına səfər edəcəyini qeyd edib.

Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və sözügedən əlaqələrin daha da inkiaşf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı və bu xüsusda ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info