Komitə sədrindən hökumətə çağırış: “EHTİYAC MEYARININ MƏBLƏĞİ ARTIRILSIN"

  • By admin
  • 08 Noyabr 2017 13:54

“Azərbaycanda ehtiyac meyarının məbləği artırılmalıdır”. 

Gununsesi.info-nun məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

“Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Ötən il də bu məbləğ 116 manat idi. Maliyyə Nazirliyi bu məbləğin artırılmasını təmin etsə, yaxşı olar. Çünki ünvanlı sosial yardımın təmin edilməsində ehtiyac meyarı əsas götürülüb”.

Komitə sədri əlavə edib ki, 2018-ci il üçün yaşayış minimumunun məbləğinin dəyişdirilməsinə isə ehtiyac yoxdur.

Qeyd edək ki, büdcə zərfində 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.

Gununsesi.info