Kredit borcu olanları 5 il həbs gözləyə bilər - EKSPERT RƏYİ

  • By admin
  • 13 Oktyabr 2017 15:24

kredit_0001

Kreditor borcları ödəməkdən qəsdən yayınmaya görə cəzalar sərtləşdirilir.

Gununsesi.info “Marja”ya istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci  bəndlərinə dəyişiklik təklif edilir.

Maddə 196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddə 196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda –  üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, iqtisadi qanunları “zopa” ilə, qorxu-hürkü, həbslə idarə edilməsi ylverilməzdir: “ Bir rəsmi şəxs çıxıb demir ki, camaat niyə borcunu qaytara bilmir, nədən kreditini ödəyə bilmir. Millət nə etsin ki, hökumət manatı 2 dəfədən çox ucuzlaşdırdı, götürdükləri borc həm yüksək faizlədir, həm də 1 ildə iki dəfədən çox artdı. İqtisadi tənəzzül davam edir, ÜDM azalır, əhalinin nominal gəlir artımını inflyasiya yeyir, real gəlirlər azalır, qiymətlər artır, dolanışlq ağırlaşır”.

İqtisadçının sözlərinə görə, ölkədə 2 milyona yaxın vətəndaşın kredit borcu var: “İndi nə edəcəklər, yüzminlərlə insanı həbs edəcəklər? Onlarla yeni zindan tikəcəklər? Hər məhbusun 1 gün zindanda qalması dövlətə 19 manata başa gəlir. Bu isə dövlət üçün daha baha oturan siyasətdir”.

Vüsalə

Gununsesi.info