
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rusiya məhkəməsinin qərarı bir daha sübut etdi ki, rəsmi Moskvanın Bakı ilə strateji tərəfdaş olması ilə bağlı verdiyi bəyanatlar qeyri-səmimi və boğazdanyuxarı səslənən fikirlərdir. Bu gün Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətində belə bir qərarın Kreml rəhbərliyi tərəfindən verilməsi məsələsində şübhə yoxdur. Sadəcə, bu sifarişin arxasında hansı niyyətin olması məsələsində müəyyən tərəddüdlər var. Kremlin sifarişi əsasında ÜAK-ın ləğvinin arxasında hansı oyun və tələblər, şərtlər dayanır?..
Bir çoxlarının fikirləşdiyindən fərqli olaraq onu demək lazımdır ki, belə bir qərardan Kreml rəhbərliyinin məlumatsız olması iddiası absurd görünür. Bu fikirlər yalnız ictimai rəyi azdırmağa və ya Rusiya ilə ehtiyatlı mövqe nümayiş etdirmək xatirinə səsləndirilir. Çünki ÜAK-ın bağlanması ilə bağlı proses xeyli zamandı gündəlikdədir. Hətta bu məsələ martın sonları, aprelin əvvəlində gündəmə gələndə Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev Bakıya səfər etdi. Onun Bakıya səfəri zamanı Azərbaycan rəsmiləri ilə ÜAK-ın bağlanması məsələsinin gündəliyə gəlməsi müzakirə olunub. Aprel ayında Moskvadan Bakıya gələn digər nümayəndə heyəti ilə də bu məsələ dəfələrlə müzakirə edilib. Bununla yanaşı, aprel ayı ərzində Bakıdan olan elçilər Moskvada müxtəlif səviyyəli görüşlər keçirib və bu məsələ müzakirə edilib. Bütün bunlar Rusiyadakı Azərbaycanı sevməyən qüvvələr tərəfindən həyata keçirilməsi ilə bağlı iddianı da alt-üst edir.
ÜAK-ın ləğvinin bir adı var ki, buna da Moskvanın Azərbaycanın mövcudluğuna qısqanclıqla yanaşması və onun müstəqil siyasət yürütməsini qəbul etməməsi kimi dəyərləndirilməlidir. Azərbaycanın Ermənistandan fərqli olaraq yürütdüyü müstəqil siyasət və həyata keçirdiyi layihələr Rusiya tərəfindən heç cür həzm edilmir. Ona görə də mütəmadi olaraq Kreml tərəfindən Azərbaycanı onun tutduğu yoldan döndərmək, öz siyasi təsir dairəsinə salmaq üçün bu cür basqılar təşkil edir. Kreml niyyətinə çatmaq üçün özünün “beşinci kolon”unu da bu işdə dövriyyəyə buraxıb. Kremlin Azərbaycandakı “beşinci kolonu” ölkə daxilində Rusiyanın xeyrinə ictimai rəyi hazırlamaq üçün ciddi-cəhdlə fəaliyyət göstərir.
Bütün bunları nəzərə alan Azərbaycan yaranmış durumu dərindən təhlil edərək, öz gələcək strateji inkişaf yolunu müəyyən etməlidir. Çünki Bakı Moskva ilə nə qədər yaxın olmaq istəsə də belə, Rusiya bu yaxınlığın müstəqil dövlət kimi bərabərhüquqlu səviyyədə qurulmasını qəbul etmək niyyətində deyil. Kreml Azərbaycanı tam siyasi dairəsində, Ermənistan kimi adı müstəqil, reallıqda isə onun tam nəzarətində olan bir ölkə kimi görmək istəyir. Yaranmış durum Azərbaycanı alternativlər axtarmağa vadar edir. O alternativ ki, Azərbaycanın müstəqil siyasətini davam etdirməyə, dünya birliyinə inteqrasiyasına imkan yaratmalıdır. Hesab edirəm ki, bu yol ancaq Qərbə və NATO-ya inteqrasiyadan keçir. Azərbaycan öz gələcək strateji inkişaf xəttini qərbəyönəlik seçməklə, bu istiqamətdə təxirəsalınmaz tədbirlərə əl atmalıdır. Nə qədər ki, Azərbaycan bu istiqamətdə ciddi addımlar atmayıb, vəziyyət gələcəkdə daha mürəkkəb ola və dövlətçilik ciddi təhdidlərlə üzləşə bilər. Belə halların gələcəkdə davam edəcəyi isə istisna deyil. Çünki bölgədə baş verən geosiyasi və geoiqtisadi proseslər hansısa formada Azərbaycana da təsir edəcəyi şübhəsizdir. O baxımdan, Azərbaycan özünə etibarlı beynəlxalq tərəfdaş axtarmalı və müəyyən məsələlərdə ona dəstək verəcək qüvvələr qazanmalıdır. Hesab edirəm ki, Azərbaycan NATO və Avropa İttifaqı ilə bu işdə daha etibarlı tərəfdaş rolunda çıxış edə bilər. Odur ki, bu istiqamətdə əməkdaşlıq yeni keyfiyyətdə və mərhələdə sürətləndirilməlidir. Bunun üçünsə Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirəsi gözlənilən Strateji Əməkdaşlıq Sazişi üzərində iş sürətləndirilməli və sözdən real mərhələyə keçilməlidir. Əks təqdirdə zaman bizim ziyanımıza işləyə bilər.
Bütün bunlarla yanaşı, Rusiya ilə münasibətləri də korlamadan əməkdaşlıq prosesi davam etdirilməlidir.
Mürtəza Bünyadlı
Gununsesi.info











