
Xaçmaz Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Qusar rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı, Qusar rayonunun Kiriş-Həzrə yolu istiqamətinə gedən, içərisində Azərbaycan Respublikası vətəndaşlarına məxsus mallar olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Rav 4” markalı nəqliyyat vasitəsi saxlanılaraq baxış keçirilməsi üçün Xaçmaz Gömrük İdarəsinə dəvət edilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsində həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı “Toyota Rav 4” markalı nəqliyyat vasitəsinin yük yerindən və salonunda olan qara rəngli polietilen paketlərdən, əl çantalarından və nəqliyyat vasitəsində olan “Bimax” markalı yuyucu toz qutularının içərisindən, ümumilikdə 102680 ədəd “NZ Gold Compact” və 6000 ədəd “Marlboro” markalı siqaretlər və 20880 ədəd “Belomorkanal” markalı papiroslar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info