Kür çayında suyun səviyyəsi artıb

  • By admin
  • 10 Oktyabr 2016 15:54

kur

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 100-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edib.
Gununsesi.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 153 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib. 2015-ci ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edib. 2015-ci ildə isə bu göstərici 32 m3/s təşkil edərək ongünlük normanın 33 faizinə bərabər olub.
Oktyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 10, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2015-ci il oktyabrın 10-da 445 sm), Salyanda 255 sm (2015-ci il oktyabrın 10-da 262 sm), Bankədə 213 sm (2015-ci il oktyabrın 10-da 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2015-ci il oktyabrın 10-da 160 sm) təşkil edib.

Anar
Gununsesi.info