LDU AMEA-nın Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq edəcək

  • By admin
  • 20 Noyabr 2017 10:36

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Mikrobiologiya İnstitu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.  

Gununsesi.info xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və AMEA-nın Mikrobiologiya İnstitututunun direktoru akademik Məmməd Salmanov arasında imzalanan müqavilədə  Cənubi Xəzərin Lənkəran-Astara Şelfinin Müasir Sanitar hidrobioloji və ekoloji vəziyyətinin  birgə öyrənilməsi  və  mütəxəsis hazırlığının  yerinə yetirilməsi nəzərdə tutulub.

Müqavilənin şərtlərinə əsasən  LDU Lənkəran- Astara bölgəsində introduksiya olunmuş nadir qiymətli təsərrüfat göstəriciləri olan bəzi bitkiləri müəyyən edir və həmin bitkilərin Mikrobiologiya institutunun ərazisində iqlimləşməsini təmin etmək üçün ilkin materialı təşkil etməyi öhdəsinə götürür. Eyni zamanda, Xəzərin Lənkəran-Astara Şelfində vətəgə əhəmiyyətli, qiymətli balıq növlərinin inkişafı və örüş yerləri kimi yüksək dərəcəli bioloji məhsuldarlıqları ilə səciyyələnən akvatoriyanı öyrənir, eləcə də Lənkəran təbii vilayətinin  Xəzər sahilinin  rekreasiya, kurort-turizmin  inkişafı üçün lazımı yerləri haqqında məlumatlar  hazırlayır.

Mikrobiologiya İnstitutu ilə bağlanmış müqaviləyə əsasən LDU elmi tədqiqat məqsədilə Lənkəran Astara bölgəsinə ekspedisiyaların keçirilməsinə yaxından köməklik göstərməli, birgə elmi seminarlar, simpoziumlar və konfranslar təşkil etməlidir.

Mikrobiologiya İnstitutu isə öz növbəsində Xəzərin Lənkəran-Astara Şelfində vətəgə əhəmiyyətli, qiymətli balıq növlərinin inkişafı və örüş yerləri kimi yüksək dərəcəli bioloji məhsuldarlıqları ilə səciyyələnən akvatoriyanı, eləcə də Lənkəran təbii vilayətinin Xəzər sahilləri rekreasiya, kurort-turizmin  inkişafı üçün əlverişli məlumatları öyrənib LDU-ya verilməsini təmin etməlidir.

Xəzər  ətrafı  ərazilərdə sahil sularının  müasir ekoloji vəziyyətinin öyrənilməsi, ekosistemin sabitliyinin mühafizəsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin əsaslandırılması üçün kompleks yönümlü mikrobioloji, hidrobioloji tədqiqatların aparılması da müqavilə şərtlərinə daxildir.

Birgə elmi tədqiqatların aparılmasının əsas istiqamətlərindən biri də   elmlə tədrisin inteqrasiyasına nail olmağa qarşılıqlı  zəmin yaratmaqdır.

Xatırladaq ki, elmi-tədqiqatların  aparılmasında Mikrobiologiya İnstitutunun imkanlarından və tədris-təcrübə labaratoriyalarından istifadə olunacaq.

Qeyd edək ki, əməkdaşlıq müqaviləsi  5  il müddətinə bağlanılıb.

LDU-nun mətbuat xidməti

Gununsesi.info