Lerikdə sakinlərin problemləri daim diqqət mərkəzindədir - FOTOLAR

  • By admin
  • 11 Noyabr 2017 13:00

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir.

Qeyd edək ki, dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı təsdiq edilib və icra olunmaqdadır.

Plana əsasən Lerik rayonunda da bu istiqamətdə davamlı tədbirlər həyata keçirilməkdədir.

Belə ki, rayon icra kakimiyyətinin başçısı Rövşən Bağırov hər həftənin 2-ci günü RİH-nin inzibati binasında və ayda 4 dəfə rayonun ucqar kəndlərində sakinlərlə mütəmadi qəbullar və görüşlər keçirir. Belə tədbirlər əhalinin problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, qəbul edilən qərarlarda, görülən işlər və atılan addımlarda ictimaiyyətin iştirakına əlverişli şərait yaradır.

Şübhəsiz ki, rayonda artıq mütəmadi xarakter almış qəbullar, səyyar görüşlər sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması baxımından səmərəli vasitələrdən biridir.

Görüşlər zamanı sakinləri narahat edən problemlər onların özləri tərəfindən səsləndirilir, digər tərəfdən sakinlər yaşadıqları ərazidə problemlərini aidiyyəti qurumlara çatdırmaq imkanı qazanırlar.

Növbəti belə tədbirlərdən biri noyabrın 2-də Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib. Rayon mərkəzindən və ətraf kəndlərdən qəbula gələn sakinlər əvvəlcə qəbul otağında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsul əməkdaşları tərəfindən qeydiyyata alınıb. Qəbulda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 30-dan yuxarı vətəndaş qəbul edilib. Qəbul zamanı vətəndaşların müraciətləri əsasən işlə təmin olunmalar, zəbt olunmuş pay torpaq sahələrinin asudələşdirilməsi, ev tikintisi üçün torpaq sahəsinin ayrılması, təbi fəlakət zamanı (əsasən güclü külək nəticəsində) qəzalı vəziyyətə düşmüş evlərin bərpası, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, evlərin sənədləşdirilməsi və əlillik qrupunun təyin olunmasına, həmçinin maddi köməklik göstərilməsi ilə bağlı olub.

Qəbulda ölkənin sürətli inkişafı və Lerik rayonunda gedən intensiv abadlıq-quruculuq işlərindən danışan sakinlər belə tədbirlərin rayonun sosial-iqtisadi tərəqqisinə təkan verdiyini və əhalinin rifah halının yüksəlməsinə müsbət təsir göstərdiyini söyləyiblər.

Qəbulda iştirak edən rayonun Vistən kənd sakini Mail Ağaxanov bu inkişaf tempinin onlarda məmnunluq yaratdığını və mövcud olan bir sıra cari problemlərin aradan qaldırılacağına əminliyini ifadə edib.

O bildirib ki, son illər rayon mərkəzində xeyli abadlıq-quruculuq işləri görülüb, yollar asfaltlanıb, yeni kanalizasiya xətləri çəkilib, rayon mərkəzində istinad divarları ağlay daşlarla üzlənib. Eyni zamanda şəhidlər abidəsinin yenilənməsi, yeni idarə və təşkilatların inzibati binalarının əsaslı təmir olunması, kəndlərarası yolların bərpa olunması, kəndlərdə sakinlərlə səyyar görüşlərin keçirilməsi, rayonun ucqar kəndlərində yolların təmir edilməsi, sahibkarlara diqqətin artırılması, vətəndaşlarla səmimi münasibətlərin qurulması qış mövsümü ilə əlaqədar görülən işlər əhalidə böyük ruh yüksəkliyinə səbəb olub.

Vətəndaşları narahat edən məsələləri diqqətlə dinləyən rayon icra başçısı problemlərin bir qisminin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə elə yerindəcə tapşırıqlar verib və bəzi məsələlərin həlli isə nəzarətə götürülüb.

Hüseyn Ağaxanzadə

Gununsesi.info