“Lider” telekanalı bağlanır - 1000 NƏFƏR İŞÇİDƏN 200-Ü QALIB

  • By admin
  • 10 Fevral 2018 13:17

Artıq bir müddətdir ki, “Lider” telekanalında ciddi problemlər yaşanmaqdadır. Belə ki, son 1 il ərzində adıçəkilən telekanalda kütləvi ixtisarlar həyata keçirilib, işçilərin bir qismi isə əməkhaqqlarını ala bilmədiklərindən “Lider”i tərk edib.

Bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbə iddia edir ki, “Lider”də əməkhaqqların gecikməsinə görə növbəti dəfə kütləvi istefalara başlanıb.

Telekanaldakı mənbənin verdiyi məlumata görə, işçilər aylardır maaş üzünə həsrət qalıb: “Lider” TV-nin əməkdaşları ötən ilin iyul ayından bu yana maaşlarını ala bilmirlər. Bu ilin yanvar ayında ölkə başçısı tərəfindən telekanallara 3 milyon manat vəsait ayrılmasından sonra “Lider” telekanalının rəhbərliyi işçilərin əməkhaqqlarının tezliklə veriləcəyinə dair söz versə də, hələ də vədinə əməl etməyib”.

“Lider” TV-yə nəzərdə tutulan 600 min manat vəsaitin köçürüldüyünü vurğulayan mənbə bildirir ki, buna baxmayaraq, işçilərin maaşları indiyədək ödənməyib: “Əvvəl “Lider”in 1000-dən çox işçisi var idi. Hazırda əməkdaşların sayı 200 nəfərə qədər azalıb. Bunun da əsas səbəbi əməkhaqqlarınını verilməməsi ilə bağlıdır. Belə ki, aylardır maaşlarını ala bilməyən işçilər mövcud vəziyyətə tab gətirməyib “Lider”i tərk edirlər. Nə vaxta qədər belə davam edəcək, kimsə bilmir. Görünən odur ki, telekanal müflis olmaq üzrədir. İşçilərə söz verilir, amma əməl edilmir. Hamı gözləyə-gözləyə qalıb. Əgər belə davam edərsə, o zaman qısa zamanda telekanal bağlanacaq”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.info