Lisenziyalarla bağlı yeni qaydalar sərtləşdirilir

  • By admin
  • 05 Dekabr 2016 12:38
milli-meclis
Azərbaycanda lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında  İnzibati Xətalar Məcəlləsinə yeni 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub.

Dəyişiklik barəsində məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni maddəyə əsasən “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimələnəcək.
 
Onun sözlərinə görə, sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir.
 
Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimələnir.
 
Lisenziya və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyin və verməli olduqları sənədlərin alınması üçün lisenziya və icazə verə orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə olunur.
 
Layihə MM-in plenar iclasına tövsiyə edilib.
Mürtəza
Gununsesi.info