Məktəb direktoru işçilərə ayrılan əməkhaqqını mənimsədi – RƏSMİ

  • By admin
  • 17 Avqust 2021 17:04

Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinə dair Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Gununsesi.info baş prokurorluqdan verilən məlumata istinadən xəbər verir ki, araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradıb onlara ayrılan 35 000 manat əməkhaqqını mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət prosessual qanunvericiliyə uyğun olaraq Fətdanə Rəhimovanın xidməti otağında və yaşadığı ünvanda aparılmış axtarış zamanı məktəbin əməkdaşlarının adına olan ümumilikdə 38 ədəd əməkhaqqı kartı, çoxsaylı sosial sığorta şəhadətnamələri və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb. Rəhimova Fətdanə Əsədulla qızının qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 – Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Gununsesi.info