Metroda yenə problem yarandı

  • By admin
  • 29 Dekabr 2022 10:47

“Bakı Metropoliteni”nin “Xətai” – “Cəfər Cabbarlı” mənzili üzrə hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, “Xətai”-“Cəfər Cabbarlı” mənzilində maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb.

“Belə olan halda, təlimat qaydalarına uyğun olaraq, maşinist qatarı saxlayıb, texniki baxış təyin edilib. Hər hansı problem aşakarlanmasa da, əlavə baxış üçün qatar 3 dəqiqə tuneldə qalıb. Daha sonra təyin olunmuş xüsusi zonaya çıxarılıb”, – qurum rəsmisi deyib.

Onun sözlərinə görə, “Xətai” – “Cəfər Cabbarlı” mənzilində hərəkətin təşkililə bağlı problem yaşanmayıb.

“Bir daha sərnişinlərə müraciət edirik ki, hər zaman, xüsusilə də bayramqabağı metropolitendən istifadə və asayiş qaydalarına mütləq qaydada əməl etsinlər. Gördüyünüz kimi, cüzi hadisə metropolitenin iş prosesinə mənfi təsir edir”, – B.Məmmədov əlavə edib.

Gununsesi.info