“Bakı irs şəhəridir. İçərişəhər Azərbaycanın UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən ilk tarixi məkanıdır. 2003-cü ildə İçərişəhər təhlükə altında olan obyektlər sırasına salınsa da, hökumətin qayğısı sayəsində bu siyahıdan çıxarılıb. İçərişəhərin UNESKO-nun Dünya İrsi Siyahısına salınması ilə mən məşğul olduğuma görə onu çox yaxşı tanıyıram. Tezliklə Bakı UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrindən sessiyaya gələcək 3 min nümayəndənin bu şəhəri daha yaxından tanımaq imkanı olacaq. İnanıram ki, onların hamısı bu şəhəri sevəcəklər”.
Gununsesi.org xəbər verir ki, bu fikirləri Parisdə UNESKO-nun baş qərargahında Dünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı təşkil olunmuş mətbuat konfransından sonra Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler Azərtac-a müsahibəsində söyləyib.
Bakıya ilk dəfə 1982-ci ildə gəldiyini xatırladan M.Rossler paytaxtımızda Dünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib: “Mart ayında Bakıya gəldim. Komitəmizin 43-cü sessiyasının keçiriləcəyi Bakı Konqres Mərkəzində oldum. Hazırlıq işləri başa çatıb, təşkilatçılıq işləri möhtəşəmdir”, – deyə M.Rossler diqqətə çatdırıb. O, sessiyada UNESKO-nun Dünya İrsi Siyahısındakı obyektlərin qorunub saxlanma vəziyyəti, siyahıya daxil edilmək üçün təqdim edilmiş 36 nominasiya, təhlükə altında olan obyektlərlə bağlı müzakirələr aparılacağını bildirib.
“Təhlükə altında olan obyektlərlə bağlı müzakirələr çox vacibdir. Onlar yoxaçıxma təhlükəsi altındadır. Beynəlxalq ictimaiyyəti xəbərdar edəcəyik. Dünya İrsi Siyahısındakı obyektlərin qorunub saxlanmasında çətinliyi olan ölkələrə dəstək verəcəyik. Bu siyahıda 1000-dən çox irs qeydə alınıb. Onlara nəzarət etmək çətindir. İctimaiyyətin, vətəndaş cəmiyyətinin diqqətinə ehtiyac var. Məhvolma təhlükəsi altında olan qədim yaşayış məskənlərini qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Onların qorunub saxlanmasını təmin etməsək, gələcəkdə hansı irsdən danışa bilərik”, – deyə M.Rossler vurğulayıb.