Millət vəkili: “Bir türk xalqının problemi bütün türk xalqlarının ortaq problemidir”

  • By admin
  • 08 Noyabr 2016 11:17

turkiye

Millət vəkili Qənirə Paşayeva Dənizlidə “Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və sabahı və Türk dünyasının ortaq problemləri” ilə bağlı konfranslar keçirib.  

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışııb.

Ziyalıların, KİV və QHT təmsilçilərinin, fəal gənclərin qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva: “Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq”-,  deyərək gənclərə səslənib: “Topluma örnək olaraq, bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıqdeyib.

Daha sonra millət vəkili bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verib. O bildirib ki,  birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qeyd edib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır: “Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq, bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycanın ümummimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq qeyd edib ki,  harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşür”-, deyərək gəncləri daha fəal olmağa çağırıb. O, Dənizlidə mərkəzi parklardan birinə “Qarabağ” adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəklənərək, bu yaxınlarda açılışı olduğunu deyərək, bu cür addımların önəmindən də danışıb.

Millət vəkili Qənirə Paşayeva çıxışını “İnşəallah, yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, Hələbdə, Türkməndağında, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”-  deyə, çıxışında qeyd edib.

Millət vəkili  ziyalıları, KİV və QHT təmsilçilərini, fəal gəncləri maraqlandıran sualları da geniş cavablandırıb.  Q.Paşayeva konfransdan sonra bir sıra QHT və KİV rəhbər və təmsilçiləri ilə ayrılıqda da görüşərək, geniş fikir mübadiləsi aparıb və onları Azərbaycana dəvət edib.

Gülnaz Qənbərli

Gununsesi.info