Millət vəkili “Təhsil haqqında” qanundan irəli gələn digər QANUNLARIN QƏBUL OLUNMASINI TƏKLİF EDİR

  • Müəllif: admin
  • 02 Fevral 2018 13:26

Fevralın 1-dən etibarən Milli Məclisin 2018-ci ilin yaz sessiyası öz işinə başlayıb və deputatlar yaz, payız sessiyasının gündəliyinə öz təkliflərini verirlər.

Millət vəkili Əli Məsimli Gununsesi.info-ya açıqlamasında Milli Məclisin 2018-ci ilin yaz və payız sessiyası müddətində bir sıra qanunların qəbul olunmasını təklif edib.

O bildirib ki, “Təhsil haqqında” çərçivə qanunu qəbul edildiyindən və bu qanunun effektli tətbiqi və işləməsi üçün ondan irəli gələn digər qanunların da qəbul edilməsinə zərurət var: “Hesab edirəm ki, 2018-ci ildə parlament “Ali təhsil haqqında”, “Orta təhsil haqqında”, “Təhsil krediti haqqında” qanunların da qəbul edilməsini təklif edirəm. Bu qanunlar mütləq qəbul edilməlidir”.

“Təhsil kredit haqqında” qanunun qəbul edilməsinin sürətləndirilməsinin vacidliyini qeyd edən deputat bildirib ki, bu  sosial sifariş xarakterli bir qanundur və cəmiyyət xeyli vaxtdır bu qanunun qəbulunu səbrsizliklə gözləyir: “Çünki hər il minlərlə insan təhsil haqqını ödəyə bilmədiyindən təhsildən kənarda qalır və bu ciddi bir problemə çevrilib. Bu da öz növbəsində, ailələrin faciəsinə səbəb olur. Odur ki,  adıçəkilən qanun nə qədər tez qəbul olunarsa, insanlar təhsil kreditindən yararlanmaqla problemlərini həll edə bilər”.

Millət vəkili ölkədə monopoliyanın aradan qaldırılması və qiymətlərin aşağı salınması üçün Rəqabət Məcəlləsinin qəbulunu zəruri hesab edir. Ə.Məsimli hesab edir ki, Rəqabət Məcəlləsi qəbul edilərsə və ölkədə azacıq da olsa rəqabət mühiti yaradılarsa, o zaman qiymətlərin ən azı 30 faiz enməsinə nail olmaq olar: “Bir misal çəkim, ölkəyə şəkər gətirilməsi ilə bağlı azacıq da olsa, rəqabət mühitinin yaradılması nəticəsində  şəkərin qiyməti 29 faiz aşağı endi. Odur ki, ölkədə qiymətlərin aşağı  endirilməsi üçün monopoliya qarşı effektli mübarizə aparmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı real addımlar atılmalıdır. Əks təqdirdə, görülən tədbirlər ciddi nəticə verməyəcək”.

Son olaraq Ə.Məsimli bildirib ki, adıçəkilən qanunlarla bağlı Milli Məclis rəhbərliyinə öz təkliflərini verdiyini də qeyd edib.

Mürtəza

Gununsesi.info