Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

  • By admin
  • 29 Yanvar 2018 18:18

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

Gununsesi.info-nun  xəbərinə görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olundu, ərizə və müraciətlərinə baxıldı, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər araşdırıldı, bir sıra müraciətlər yerində təmin edilib.

Həmin şəxslər saxlanma şəraitindən, keyfiyyətli qida və tibbi xidmətdən, istintaq təcridxanası əməkdaşlarının rəftarından razılıqlarını bildiriblər.

Bunlarla yanaşı saxlanılan şəxslərin müraciətlərində yer alan istintaq, əfv, cinayətlərin dekriminallaşdırılması, digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər qanunvericiliyə uyğun şəkildə cavablandırıldı, onlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edildi. Eyni zamanda fərdi qaydada dinlənilən zaman bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verildi və ərizələri üzrə aidiyyəti qurumlara müraciət olunacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının məntiqi davamı olaraq, həyata keçirilən hüquqi islahatlar çərçivəsində Qanunla Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə edilmiş çoxsaylı dəyişikliklər, maddələrin sanksiyasına daxil edilmiş alternativlər, habelə Qanunun təsiri altına düşmüş maddələr üzrə verilmiş suallar cavablandırıldı, təqsirləndirilən şəxslərə ünvanlanan geniş izahat və hüquqi maarifləndirmə işi aparılıb.

Qeyd edilməlidir ki, başçəkmə zamanı son dövrlər BİT-də saxlanma şəraitinin təkmilləşdirildiyi, əsaslı təmir işlərinin davam etdirildiyi, o cümlədən cərimə təcridxanasının və karantin otağının təmir olunduğu, tibbi-sanitar hissəsində ruhi-əsəb xəstəliyi olan şəxslər üçün palataların bərpası, saxlanma şəraitinin təkmilləşdirilməsi məqsədilə yeni qaz xəttinin çəkilməsi işlərinin davam etdirildiyi, yeməyin və qidanın keyfiyyətinin yaxşılaşdırıldığı, yetkinlik yaşına çatmayanların idmanla məşğul olmaları üçün şəraitin yaxşılaşdırıldığı və saatların artırıldığı müsbət hal kimi qiymətləndirilib.

Yekunda MPQ-nin üzvləri saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər apardı və öz tövsiyələrini veriblər.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.

Gülnaz Qənbərli

Gununsesi.info