Mixael Kindsqrab almanlar yaşayan bölgədə olub

  • By admin
  • 28 Oktyabr 2016 12:18

kqb 

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab XIX əsrdə alman mühacirlərin məskunlaşdığı Göygöl və Şəmkir rayonlarına səfər edib.

Bu haqda Gununsesi.info-ya  səfirlikdən məlumat verilib. Belə ki,  səfir Göygöldə rayon icra hakimiyyətinin başçısı Arif  Seyidovla görüşüb. Daha sonra onlar  rayonun tarixi və inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıblar. A.Seyidov  səfiri Göygöl rayonunda Azərbaycan torpağında ilk alman mühacirlərin məskunlaşdığı küçələrlə tanış edib. O bildirib ki,  rayonda şvab kolonistlərinə məxsus olan çoxsaylı evlər, o cümlədən hazırda muzey kimi fəaliyyət göstərən keçmiş Lüteran Kilsəsi və musiqi məktəbi son onilliklərdə  yenidən bərpa edilib. Səfir Azərbaycan dövlət qurumlarının alman mühacirlərin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirib. Daha sonra rayonun bir neçə il əvvəl vəfat etmiş ən son alman məskunu Viktor Klaynın evi ziyarət olunub. Almaniya-Azərbaycan münasibətləri Göygöl rayonundan millət vəkili seçilmiş Rövşən Rzayevlə görüşdə də müzakirə edilib.

Mixael Kinsqrab eyni gün Şəmkir rayonuna gedib. O, millət vəkili Sona Əliyeva və İcra Hakimiyyətinin nümayəndələri ilə də görüşüb. Səfir Bayraq Meydanı və gənclər evində olub, keçmiş kilsəni və şvab mühacirləri tərəfindən salınmış İçərişəhəri ziyarət edib. “AzAqro“nun parniklərində diplomata beynəlxalq səviyyədə həyata keçirilən gül və tərəvəzin istehsal prosesi göstərilib.  M. Kindsqrab Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar səylərini yüksək qiymətləndirib. və Alman-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Qeyd edək ki,  Göygöl rayonu vaxtı ilə Helelnondorf, Şəmkir isə  Annenfeld adlanıb.

Gülnaz Qənbərli

Gununsesi.info