
Moody’s beynəlxalq reytinq agentliyi Azərbaycan mətbuatında gedən məlumatları təkzib edən mətn yayıb.
Gununsesi.info Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Moody’s beynəlxalq reytinq agentliyi bu gün Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində dərc olunan məlumatların həqiqəti əks etdirmədiyi, aldadıcı və təhrifedici olduğunu bildirib.
“Moody’s beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytingini qiymətləndirmə altına alması qərarı Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatların etibarlılığının şübhə altına almasından yox, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının dövlət borcunun gözləniləndən daha yüksək artımına səbəb ola biləcəyindən irəli gəlir”,- deyə agentliyin mətnində yer alıb.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan mətbuatında Moody’s beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Pyotr Paklin Bakıda keçirdiyi mətbuat konfransındakı çıxışına istinadən bildirmişdi ki, Azərbaycan Beynəlxalq Bankının xilası üçün ölkənin qızıl-valyuta ehtiyatlarından xərcləmək lazım gələcək. Moody’s rəsmisi deyib ki, o artıq Azərbaycan Maliyyə Nazirliyinin Beynəlxalq Bankın borclarına dair hesablamalarına inanmır: “Mən Azərbaycan Beynəlxalq Bankına və Maliyyə Nazirliyinə daha inanmıram. Problem bizim fikirləşdiyimizdən daha dərin ola bilər. Bankın sağlamlaşdırılması prosesi dövlət büdcəsinə zərər vuracaq və xarici layihələrin maliyyələşdiirlməsinə əngəl yaradacaq”.
Analitik hesab edir ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası iqtisadiyyatın bərpasını zəiflədə bilər: “Bank sektorunda manat likvidliyi çatışmazlığı mövcuddur. Bu isə kreditləşməni məhdudlaşdırır. Belə ki, dollarla kreditləşməyə maraq olduqca aşağı səviyyədədir”.
Vüsalə Rüstəmova
Gununsesi.info











