MTN iş adamının “İnfinity”sini əlindən necə alıb? - HƏBSDƏKİ GENERALIN İTTİHAM AKTINDAN

  • By admin
  • 03 May 2017 15:52

eldarelcin

Ləğv edilmiş MTN-in generalı, hazırda mühakimə olunan Elçin Quliyevin və Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş şəxslər ilginc açıqlamalar veriblər.

Gununsesi.info ləğv edilmiş MTN-in generalı, hazırda mühakimə olunan Elçin Quliyev və Azər Mehdiyevin  ittiham aktına istinadən xəbər verir ki, sahibkar Yalçın Sabir oğlu Abdullayev, Zaur Sabir oğlu Abdullayev, Sahib Usub oğlu Əliyev, Namiq Xanış oğlu Əsgərovun qanunsuz azadlıqdan məhrum edilmələri, 30 000 ABŞ dolları məbləgində “İnfinity FX35” markalı avtomobili hədə-qorxu gəlinməklə əllərindən alınıb.

Belə ki, sahibkar Yalçın Sabir oğlu Abdullyevə qarşı ləğv olunmuş MTN-nin sabiq əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol  verilməsi, hədə-qorxu ilə pulunun alınmasına dair 02.09.2016-cı ildə AR Baş Prokurorluğuna daxil olmuş, araşdırma zamanı müraciətdə göstərilənlərin həqiqətə uyğun olması öz təsdiqini tapıb.

İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Yalçın Sabir oğlu Abdullayev ifadələrində 2014-cü ilin sonlarında Xəyyam Nazim oğlu Balayevlə birlikdə biznes fəaliyyətiylə məşğul olduğunu , Xəyyamı dostu Elçin Əliyev vasitəsiylə tanıdığını, biznes  fəaliyyətlərinin Ukrayna Resublikasından Azərbaycana dəmir boruların idxal edilərək satışı və Türkiyə Respublikasından Qazaxıstana “steklovat” məhsullarının ixrac edilməkdən ibarət olduğunu, bu məqsədlə Xəyyam Balayevə 2014-cü ilin sonlarında  965.000 ABŞ dolları məbləğində pul verdiyini, 2015-ci ilin əvvəllərində Xəyyamın həmin pulu əldə olmuş gəlirdən ona çatan hissəsini qaytardığını, daha sonra biznes fəaliyyətini davam etdirmək üçün X.Balayevə yenidən 965. 000 ABŞ dolları məbləğində pul verdiyini, ancaq qısa müddətdən sonra  sonuncunun onu aldatdığını başa düşüb, verdiyi pulu geri qaytarmasını tələb etdiyini, Xəyyamın isə ona qaytarmaq üçün əlində pulu olmadığını deyib. Ancaq yaxın tanışlarına məxsus əmlakları sataraq pulunu ona verə biləcəyini bildirdiyini, bu məqsədlə Xəyyamın yaxın münasibətdə olduğu Mahirə Süleymanovaya məxsus “İnfinity FX35” markalı 99-CB-206 dövlət qeydiyyat nişanlı avtomobili, tanışı Əziz Əliyevə məxsus Zığ qəsəbəsində yerləşən qeyri-yaşayış obyekti, qohumu Eyyub Hüseynova məxsus yaşayış və qeyri-yaşayış  obyektlərini satışa çıxardığını, həmin əmlakları sataraq pulu ona verəcəyinə söz verdiyini, ancaq müəyyən müddət gözləsə də, həmin əmlakların satılmadığını, ona görə də həmin əmlakların satılması barədə qohumu Sahib Əliyevə məlumat verdiyini, sonuncunun da həmin əmaklardan Mahirə Süleymanovaya məxsus avtomobili almaq qərarına gəldiyini, avtomobili 30 000 ABŞ dollarına almağı M.Süleymanovayla razılaşdığını, bundan sonra isə “Olimp” mağazasının yaxınlığında yerləşən notariat kontorunda Mahirənin adından Sahibə etibarnamə verildiyini, Sahibin də avtomobilin  dəyəri olan 30 000 ABŞ dolları məbləğində pulu Xəyyama və onun yanında Mahirəyə  verdiyini qeyd edib. Daha sonra da Mahirədən həmin pulu Xəyyam vasitəsiylə ona verdiyini, digər əmlakları isə atası Sabir Abdullayevin aldığını, əmlaka dair pul vəsaitlərini atasının notariat kontorunda həyata keçirilmiş alqı-satqı müqaviləsi zamanı bank vasitəsiylə satıcılara ödədiyini, eyni zamanda  Mahirənin özünə məxsus iki mənzilini sataraq Xəyyama vermək istədiyini, ancaq sənədlərinin qaydasında olmamasından sata bilmədiyini, ona görə də Sahibə Mahirəyə 300.000 manat borc pul verməsini təklif etdiyini, Sahibin də razılaşdığını, Mahirəyə 300.000 manat borc pul verdiyini, Mahirənin isə pulun müqabilində iki ədəd mənzili girov qoyduğunu, X.Balayevin 30.04.2015-ci ildə  ölkəni tərk etdiyini və bir daha geri qayıtmadığını, daha sonra Xəyyam barəsində dövət orqanlarına şikayət etdiyini və Bakının Nərimanov Rayon Polis İdarəsində X.Balayev barəsində Azərbaycan Respublikasının CM-in 178-ci maddəsiylə cinayət işi başladıldığını, Xəyyamın Azərbaycanı tərk etməsindən sonra Mahirə Süleymanovanın Binəqədi Rayon Məhkəməsinə müraciət edərək avtomobilinin qaytarılması ilə bağlı iddia qaldırdığını, məhkəmənin 05.05.2015-ci il tarixli qərarı ilə “İnfinity FX35” markalı avtomobilin üzərinə həbs qoyulmaqla DYP-nin duracağında saxlanılması göstərildiyini, onlar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmənin işə baxdığını və 22 iyul 2015-ci ildə qəbul edilmiş qərarda avtomobil üzərində həbsin saxlandığını, Binəqədi  Rayon Məhkəməsinin avtomobilin saxlanması ilə bağlı hissənin ləğv olunduğunu, istismarının Sahib Əliyevə qadağan olunduğunun göstərildiyini, 05.10.2015-ci ildə MTN-nin ATM-nin sabiq əməkdaşı Azər Mehdiyevin ona zəng vuraraq MTN-ə dəvət etdiyini, 06.10.2015-ci ildə MTN-ə getdiyini və saat 11-dən gecə saat 24-dək MTN-də saxlandığını, orada Azər Mehdiyev və İlqar Əliyev tərəfindən “İŞİDİ”i maliyələşdirməsiylə hədə-qorxu gəlinərək Mahirə Süleymanovaya məxsus “İnfinity FX35”markalı avtomobilin geri qaytarılmasının tələb olunduğunu, eyni zamanda Mahirə Süleymanovanın ATM-in sabiq rəisi Elçin Quliyevin yaxın adamı olduğu üçün avtomobili qaytarmayacağı təqdirdə həbs ediləcəyini bildirdiyini, orada olduğu müddətdə qohumu Sahib Əliyev, qardaşı Zaur Abdullayev və dostu Namiq Əsgərovun da orada olduğunu gördüyünü, 07.10.2015-ci ildə MTN əməkdaşlarının təkidi və tələbi ilə “İnfinity FX35” markalı 99 -CB-206 dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayon icra şöbəsinin əməkdaşı, icra məmuru Səbuhi Əhmədzadəyə təhvil verdiklərini, buna dair müvafiq akt tərtib olunduğunu Binəqədi Rayon Məhkəməsi tərəfindən avtomobilin Sahib Əliyevin adına rəsmiləşdirilməsiylə bağlı tərtib edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması haqqında qərar qəbul edildiyini, həmin qərardan apellyasiya şikayəti verdiklərini və qərarın hazıradək qanuni qüvvəyə minmədiyini avtomobili icra məmuruna təhvil vermələrindən sonra DYP Binəqədi rayon ərazisində yerləşən duracağına yerləşdirdiyini, bir neçə gündən sonra isə avtomobilin M.Süleymanova tərəfindən oradan götürdüyünü bildirib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs Yalçın Abdullayev təqsirləndirilən şəxs  Azər Mehdiyevlə üzləşdirilərkən onu cinayət  əməllərini törətməkdə  ifşa edib. O bildirib ki, A.Mehdiyev onu MTN-ə çağırıb, orada ilkin olaraq onun “İŞİD” terror təşkilatını maliyyələşdirməyi barədə məlumat olduğunu, yaşadığı evin yanında İİR-un maliyələşdirdiyi məscidin olduğunu, Yalçın Abdullayevin də həmin məscidə gedib-gəldiyini bildirib. Bu zaman İlqar Əliyev otağa daxil olub “reket deyilən şəxs budurmu?” ifadəsini işlədib. Daha sonra A.Mehdiyev Y.Abdullayevə otaqdan çıxmağa icazə verməyib. Və axşam həbs olunub-olunmamağı məsələsinin həll olunacağını bildirib. Həmin gün saat 11-dən axşam saat 22 radələrinədək Y.Abdullayev MTN-də olub.  Xidməti otağında olduğu müddətd o, Y.Abdullayevin bütün fəaliyyətiylə maraqlanıb. Axşam  saatlarınadək hansı səbəbə görə çağırıldığını bilməyib. Axşam saat 17-18 radələrində o, Y.Abdullayevi M.Süleymanovanın ərizəsi əsasında çağırdığını, Mahirənin öz rəhbərliyinə yaxın adam olduğunu bildirib. Mahirədən aldığı bütün əmlakları, o cümlədən “İnfinityFX35” markalı avtomobili geri qaytarmağı tələb edib. Y.Abdullayev də Mahirənin evini qaytardığını, maşını da özünün könüllü verdiyini bildirib. A.Mehdiyev həmin maşını da qaytarmalı olduğunu, axşam  saatlarında Namiq Əsgərov, Zaur Abdullayev, Sahib Əliyevin də MTN-də olduğunu bildirib. Daha sonra Y.Abdullayevi İlqar Əliyevin otağına aparıb. Qardaşı Zaurun və Sahib Əliyevin də orada olduğunu görüb, onun yanında İlqar Əliyevin tələblərini yerinə yetirməyəcəyi təqdirdə “İŞİD” terror təşkilatı ilə əlaqəli şəxs kimi Y.Abdullayevin məsuliyyətə cəlb olunacağını bildirib. A.Mehdiyevin yanında İlqar növbəti gün Mahirənin “İnfinity FX35” markalı avtomobilini  geri qaytarmağı tələb edib. Y.Abdullayev onun yanında İlqarın tələbi ilə razılaşıb. Növbəti gün maşını qaytaracağına söz verib. Növbəti gün Azər Mehdiyev Y.Abdullayevə zəng edərək Binəqədi rayon icra şöbəsinin əməkdaşına “İnfinity FX35” markalı avtomobili duracağa qoymağı tələb edib.

Üzləşmə zamanı ifşa olunan Azər Mehdiyev etirafedici ifadə verərək göstərib ki, Y.Abdullayevin dediklərinin əksəriyyəti həqiqətdir. Belə ki, həqqətən də  o, Yalçın  Abdullayevi İlqar Əliyev və Elçin Quliyevin göstərişi əsasında MTN-ə çağırıb, Mahirə də E.Quliyevin yaxın tanışı olduğu üçün Mahirəyə köməklik edilməsini tapşırıb, MTN-də olduğu müddətdə ona İlqar Əliyev hədə-qorxu gəlib.

Gununsesi.info