Müdafiə naziri və qərargah rəisi istefaya göndərildi - ƏFQANISTANDA

  • By admin
  • 24 Aprel 2017 12:25

efqannn

Əfqanıstan prezidenti Əşrəf Qəni bu gün müdafiə naziri Abdullah Xan Həbibini və quru qoşunlarının qərargah rəisi Kadam Şah Şahimi vəzifədən azad edib. Onların istefası “Taliban” hərəkatı yaraqlılarının hərbi bazaya 150 əsgərin ölümü ilə nəticələnən hücumu ilə bağlıdır.

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə prezident dəftərxanasından bildiriblər.

Xatırladaq ki, ötən cümə günü 10 yaraqlı ölkənin şimalında, Məzari-Şərif şəhəri yaxınlığında yerləşən 209 nömrəli ordu korpusunun bazasına hücum edib. Əvvəlcə terrorçu-kamikadze minalanmış avtomobili bazanın qarşısında partladıb. Bundan sonra əraziyə daxil olan yaraqlılar iki qrupa bölünərək məsciddəki və yeməkxanadakı əsgər və zabitlərə atəş açıblar. Döyüş təxminən 5 saata yaxın davam edib. Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

“Wall Street Journal” yerli məmurlara istinadla hücum nəticəsində hökumət qüvvələrinin 170 hərbçisinin həlak olduğunu yazır. Yaralıların bir çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.

Gununsesi.info