
“Vergi ilə bağlı nəzərdə tutulan bu məbləği ödəmək mənim üçün uyğundur”
Müğənnilərin, o cümlədən, tamadaların, aşıqların, rəqqasların vergiyə cəlb olunması məsələsi yenidən aktuallaşıb.
Belə ki, dekabrın 14-də vergilər naziri Fazil Məmmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəslərinin birgə iclasında Vergi Məcəlləsinə 220.10 və 220.12 maddələrinin ələvə edilməsi barədə məlumat verib. Bildirib ki, Məcəllədə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olanlar sadələşdirilmiş vergiyə cəlb olunacaq. Bu cür fəaliyyət növləri ilə məşğul olanların ayda sabit olaraq 30 manat, fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət göstərənlər ayda 30 manat həcmində vergiyə cəlb olunacaq.
Abbas Bağırov: “Hansısa toya gedirdimsə, oradan əldə etdiyim gəlirin 4 faizini vergiyə ödəyirdim”
Gununsesi.info bu sahədə fəaliyyət göstərən sənətçilərin məsələyə münasibətini öyrənib.

Əməkdar artisti Abbas Bağırov bildirib ki, ayda stabil olaraq 30 manat həcmində vergiyə cəlb olunmağı onu qane edir:
“Ayda 30 manat həcmində vergi ödəyəcəyik, bu çox yaxşıdır. Əvvələr vergini rüblük olaraq ödəyirdik. Hansısa toya gedirdimsə, oradan əldə etdiyim gəlirin 4 faizini vergiyə ödəyirdim”.

Bilal Əliyev: “Çox sağ olsunlar ki, elə bir rəqəm təyin ediblər ki, bu, hamı üçün sərfəlidir”
Xalq artisti Bilal Əliyev isə əmədaşımızla söhbətində qeyd edib ki, bu cür fəaliyyət növlərilə məşğul olanların ayda sabit olaraq 30 manat həcmində vergiyə cəlb olunmasını düzgün bir addım kimi deyərləndirir:
“Bu, çox sərfəlidir. Çünki mənim rüblükdə bu məbləğın 3-4 mislindən artıq vergiyə vəsait ödəmişəm. İndi mənim üçün çox yaxşı olacaq ki, ayda 30 manat həcmində vergi ödəyim. Çox sağ olsunlar ki, elə bir rəqəm təyin ediblər ki, bu, hamı üçün sərfəlidir. İncəsənət adamları gərək buna görə, təşəkkür etsinlər. Bir daha qeyd edirəm ki, vergi ödənişi üçün nəzərdə tutulan bu məbləği ödəmək mənim üçün uyğundur”.

Aşıq Telli Borçalı: “Dövlət belə deyirsə, belə də olmalıdır”
B. Əliyevdən fərqli olaraq, aşıq Telli Borçalı incəsənət adamlarının ayda 30 manat həcmində vergiyə cəlb olunacağı ilə bağlı bir fikir söyləyə bilməyəcəyini deyib:
“Əgər dövlət belə bir qərar qəbul edibsə, deməli, elə də olmalıdır. Biz qanuna tabe olmalıyıq. Durub deyə bilmərik ki, yox, bu, belə olsun, ya elə olmasın. Hər birimiz qanuna tabe olmalıyıq. Dövlət belə deyirsə, belə də olmalıdır”.

Yadigar Muradov: “Təki toy olsun, mən ayda 30 yox, 35 manat belə ödəyərəm”
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov artıq toylara getmədiyini deyib:
“Daha toya çağırmırlar. Çünki moddan düşmüşəm. Hazırda məni ancaq dəvətnamə verib, toya çağırırlar. Toyda da məni pulsuz oxudurlar. Mənim qazancım, məhz, bu olur. Həm siyahıya düşürəm, həm də orada oxuyuram. Toy sahibi də caamatın içində şeşələnir ki, Aşıq Yadigarı da gətirmişdik. Amma demir ki, Yadigar siyahıya düşdü, bir qəpik də vermədik. Onun orda olmasından istifadə edib mikrafonu ona verdik. O da məclisimizi 30-40 dəqiqə şənləndirdi. O ki qaldı, ayda 30 manat həcmində ödənilməli olan vergiyə, təki toy olsun, mən ayda 30 yox, 35 manat belə ödəyərəm. Təki toy olsun!”-, deyə Y.Muradov ironik münasibət bildirib.

Azər Axşam: “Əgər bir incəsənət xadimi toya getmirsə, gəlir əldə etmirsə, o zaman vergini necə ödəyə bilər?”
Tanınmış aktyor və şoumen Azər Axşam (Şabanov) isə düşür ki, hər bir insan işləməlidir və işlədiyinin müqabilində əldə etdiyi qəlirdən vergi ödəməlidir:
“Bu, onun boynunun borcudur. Əgər bir incəsənət xadimi toya gedirsə, gəlir əldə edirsə,gəlirinin müəyyən bir faizini qanun çərçivəsində vergi ödəməlidir. Əgər bir incəsənət xadimi toya getmirsə, gəlir əldə etmirsə, o zaman vergini necə ödəyə bilər? Toya dəvət almadan məcburi qaydada vergi ödənilməsi, bunu normal qəbul etmirəm. Əgər qazancı yoxdursa, necə vergini verə bilər?! Məhz bu baxımdan bunu normal qəbul etmirəm”.
Anar
Gununsesi.info












