
Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 20 nəfər xəsarət alıb.
Gununsesi.info “report.az”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.
Münhen polisi isə hadisənin 3 nəfər deyil, 1 silahlı tərəfindən törədildiyini bildirib.
Polisin məlumatına görə, hadisəni törətmiş şəxs intihar edib. Onun cəsədi asayiş keşikçiləri tərəfindən müəyyən edilib. Hüquq-mühafizə orqanları cəsədi tapılmış şəxsin hadisəni törətmiş silahlı şəxs olduğunu bildiriblər.
Polis hadisənin digər 2 silahlı şəxs tərəfindən törədilməsi versiyasının təsdiqinin tapmadığını bildirib.
“Focus” jurnalı isə silahlılardan birinin istifadə etdiyi avtomobilin hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirildiyini xəbər verib. Jurnalın yaydığı məlumata görə, polis cinayətkarın hadisə yerinə həmin nəqliyyat vasitəsi ilə gəldiyini müəyyən edib.
Ticarət mərkəzində baş vermiş silahlı insidentdən sonra şəhərdə fövqəladə vəziyyət elan olunub. Şəhər polisi ciddi terror vəziyyətinin olduğunu bəyan edib.
“Ticarət mərkəzindəki atışmadan sonra Münhendə vəziyyət gərgindir. Söhbət ciddi terror vəziyyətindən gedir”- deyə hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada bildirilir.
Polisin məlumatına görə, insident “Olimpia” ticarət mərkəzi ilə yanaşı, şəhərin Хanauerştrasse və Risştrasse küçələrində də baş verib.
“Bütün baş verənlərə rəğmən, söhbət terrorçuluqdan gedir” – bu açıqlamanı isə “TASS” agentliyinə Münhenin polis nümayəndəsi verib.
Asayiş keşikçiləri hadisə nəticəsində 6 nəfərin öldürüldüyünü rəsmən təsdiqləyiblər. Bununla yanaşı, bildiriblər ki, silahlı şəxslərin yeri hələ ki, müəyyənləşdirilməyib.













