Natavanın göz yaşları

  • By admin
  • 13 Yanvar 2017 11:22

ulviyye

Keçmiş iş yoldaşımız ötən gün redaksiyaməza gəlmişdi. Natavan əvvəlki ofisimizdə xadimə işləyirdi. Özü də fiziki qüsurludur, onun görmə qabiliyyəti zəif olmaqla yanaşı, ayağında da problemi var. Tərslikdən Natavan xanım binaya daxil olarkən işıqlar söndüyündən, 15-ci mərtəbəyədək qaranlıq pilləkənlərı ayaqla qalxmalı olub.

Amma buna baxmayaraq, dostlarını görmək istəyindən vaz keçməyib. Onun bu hisslərini redaksiyaya daxil olanda gözlərindəki sevincdən də hiss etdik. Redaksiyanın bütün əməkdaşları Natavanı çox doğma qarşıladılar, oturub onunla çay da içdik. Bu zaman diqqətimi onun sifətindəki titrəmələr çəkdi. Soruşdum ki, Natavan, üzün niyə əsir? Cavab verdi ki, bir neçə gündür ki, beləyəm. Sonra danışdı ki, anamın ölümünün 23 ilidir. 23 ildir ki, ana həsrətiylə yaşayıram. Kaş ki, mən ölərdim, amma anam yaşayaydı….

Natavanın göz yaşları içində söylədikləri təbii ki, bizi də məyus etdi. Ana qayğısına həsrət qalmış bu xanımın həyat hekayəsi çox ağırdır. Özünün söylədiyinə görə, ailədə iki uşaq olublar. Özündən başqa bir qardaşı da var. Onlar kiçik yaşlarında olarkən anaları dünyasını dəyişib. O vaxtdan ana həsrətiylə gözüyaşlı, qəlbiniskilli böyüyüblər. Deyir ki, bir neçə il sonra atam başqa qadınla evləndi. Amma nədənsə Allah onlara övlad vermədi. Analığım bizə yaşı baxsa da, anamın yerini vermirdi. Çünki o, anam kimi başımıza sığal çəkmirdi. Əzizləyib, nəvaziş də göstərmirdi. Gecələr qucağına alıb, yatızdırmırdı.

Odur ki, 23-ildir anamsız ağlayıram. Qardaşım ailəlidir, övladı da var. Mən isə əlil olduğumdan ailə qurmadım. Çox istərdim məni sevən həyat yoldaşım olsun. Həyatımda məni sevən insan da oldu. Mən də sevdim, amma onunla ailə qurmadım. Ona görə ki, istəmədim doğulacaq körpəm, mənim kimi fiziki qüsurlu olsun, kimlərəsə möhtac qalsın…

Natavanı dinlədikcə adam ilk baxışdan rəbbinə şükür edir ki, “İlahi, sənə minəttdaram, məni sağlam yaratdığın üçün!” Amma bizlər də Allahın yaratdığını daha üstün tuturuq. Çünki qəlbimizdə vicdan deyilən mərhəmət hissi olduğu və “Yarananı sev, Yaradana görə” kəlməsini bildiyimiz üçün. Həm də bunu da bizlərə Məhəmməd Peyğəmbər (s.ə.s) öyrətdiyi üçün!

Cənnət anaların ayağları altındadır. Allah heç kimsəyə vaxtsız ana itkisi və ana acısı yaşatmasın! Ülvüyyə Xəlil

Gununsesi.info