“Navalnının həbsindən sonra onun seçkilərə təsir etmək imkanı yoxdur” – İlqar Məmmədov

  • By admin
  • 19 Yanvar 2021 16:10

İlqar Məmmədov: “Ədalətli seçkilər üçün ilk növbədə media və toplaşma azadlığı təmin edilməlidir”

 

“Siyasətçilərin hər hansı səbəb olmadan həbs edilməsi, əlbəttə, bizdə ancaq təəssüf hissi doğura bilər. Mən özüm 2013-cü ildə prezident seçkilərindən səkkiz ay əvvəl həbs olunmuşdum. İndi, Rusiyada əsas parlament seçkilərinə səkkiz ay qalmış Rusiyanın aparıcı siyasi simalarından biri Aleksey Navalnı həbs edilib”.

 

Gununsesi.org xəbər verir ki, bunu  Respublika Alternativi Partiyasının (REAL) sədri İlqar Məmmədov “Amerikanın səsi”nə müsahibəsində deyib.

Rusiya cəmiyyətinin Navalnının parlament seçkilərində iştirak çağırışını eşidəcəyi ümidləri nə dərəcədə özünü doğruldur sualına cavabında Məmmədov bildirib ki, Respublika Alternativi  də, əhalini seçkilərə getməyə və səs verməyə çağırırdı. Navalnının tərəfdarları seçiciləri “ağıllı səsvermə”də iştirak etməyə çağırırlar.

 

Partiya sədrinin sözlərinə görə, sentyabrda Dövlət Dumasına keçirilən seçkilərdə bu üsul bir daha sınaqdan keçiriləcək və onun effektivliyi vətəndaşlara aydın olacaq. İlqar Məmmədovun fikirlərinə görə,  Navalnının həbsindən sonra onun artıq seçkilərə təsir etmək imkanı yoxdur.

“Biz istərdik ki, bu üsul özünü doğrultsun və biz sonradan Azərbaycan vətəndaşlarına Rusiya təcrübəsini səmərəli təcrübə kimi təqdim edək”, – İ.Məmmədov deyib.

Azərbaycan və Rusiya hakimiyyətlərinin müxalifətə münasibətində oxşarlığın olub-olmaması barədə suala İ.Məmmədov müsbət cavab verib.

“Oxşarlıqlar çoxdur. Ancaq bu, sistemin tamamilə eyni olması demək deyil.Rusiyanın iqtisadi və siyasi sistemi fərqlidir. Azərbaycanda tamamilə başqa iqtisadi qaydalar var. Rusiyada kifayət qədər inkişaf etmiş qiymətli kağızlar bazarı var. Odur ki, mən Rusiyada baş verən hər bir hadisənin Azərbaycana proyeksiya edilməsini düzgün saymıram”, – İ.Məmmədov deyib.

O, Navalnının həbsilə əlaqədar ABŞ və Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını istisna etməyib. Xüsusilə, “Şimal axını” qaz layihəsi ilə bağlı. Bunun nə dərəcədə həyata keçiriləcəyi isə başqa məsələdir. Çünki bu yaxınlarda Qərb tərəfindən layihənin reallaşdırılması istiqamətində addımlar atılıb. Navalnının uzun müddət həbsdə qalacağı və ya tezliklə azad ediləcəyi hələ aydın deyil.

Beynəlxalq müşahidə missiyaları tərəfindən Azərbaycanda və Rusiyada keçirilən seçkilərin dəfələrlə demokratik standartlara uyğun gəlmədiyi bildirilib. Seçkilərin ATƏT standartlarına uyğun keçirilməsi üçün nə etmək lazımdır? Bu sualın cavabında İ.Məmmədov deyib ki, Azərbaycanda ədalətli seçkilər üçün ilk növbədə media və toplaşma azadlığı təmin edilməlidir.

Bundan əlavə, Seçki Məcəlləsinə düzəlişlər lazımdır. Ən başlıcası odur ki, seçkiləri təşkil edən əsas tərəf dövlətdir, digər tərəfdən isə müxalifət məsuliyyətlə hərəkət etməli, ədalətli kampaniya və səsvermə üçün siyasi iradəyə malik olmalıdır.

“Əgər iradə olmasa, heç bir qanun normaları seçkilərin keyfiyyətini artırmaz. Hətta hazırkı Seçki Məcəlləsilə də Azərbaycanda ədalətli seçkilər keçirmək olar”, – İ.Məmmədov qeyd edib.

Gununsesi.org