Nazir: “Əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq”

  • By admin
  • 08 Oktyabr 2016 01:18

Gununsesi.info mikayil jabbarov education ministry

“Müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi 2017-ci ildə də davam etdirilərək, daha 26 rayonu əhatə edəcək və beləliklə, əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq”.

Gununsesi.info xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

O, həmçinin deyib ki, görülən tədbirlər pedaqoji fəaliyyətə marağı xeyli artırıb. Belə bir şəraitdə ümumtəhsil müəssisələrinə direktorların və müəllimlərin işə qəbulu üzrə qaydalar obyektivlik və şəffaflıq baxımından daha da təkmilləşdirilib. İlk dəfə olaraq məktəb direktoru vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi də nəzərə alınaraq 232 nəfər direktor təyin olunub.

“Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün rekord sayda – 32 min nəfər elektron ərizə ilə müraciət edib. Həmin rəqəm 2013-cü ildə müəllim olmaq istəyənlərin sayından 2 dəfə çoxdur. Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Müsabiqənin nəticələrinə görə, 2 min 413 nəfər müəllim adını qazanıb…”-deyə, nazir daha sonra sözlərinə əlavə edib.

Gununsesi.info