
2017-ci ildə Azərbaycanla Türkiyə arasında ikitərəfli ticari əlaqələrin milli valyuta ilə aparılması istiqamətində sənədin imzalanması gözlənilir.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkci bu gün Bakıda deyib.
Onun sözlərinə görə, 2017-ci ilin ilk yarısında Azərbaycan-Türkiyə işgüzar sammitin baş tutması hədəflənir:
“Bu toplantıda sözügedən məsələ ilə bağlı müvafiq sənədin imzalanması da planlaşdırılır. Son dövrlər bizim əsas siyasətimiz ikitərəfli ticarət dövriyyəsində milli valyutalarla hesablaşmanın tətbiqidir”.
N. Zeybəkçi əlavə edib ki, bu təkcə Azərbaycanla münasibətlərimizə aid deyil. “Burada söhbət bir çox ölkələrdən gedir ki, onların arasında Koreya, Yaponiya, Rusiya, Çin və İranın da adını çəkmək olar”- deyə, türkiyəli nazir vurğulayıb.
Nazir onu da bildirib ki, bu zaman hər hansı məcburiyyətdən söhbət gedə bilməz. “Lakin biz ikitərəfli ticarət dövriyyəsində milli valyutadan maksimum istifadə etməyə çalışmalı və bunun yollarını aramalıyıq. Bir daha xatırladıram ki, bununla bağlı həm Türkiyə, həm Azərbaycan prezidentinin müvafiq təlimatı var. Bu təlimatlara uyğun olaraq, hər iki ölkənin iqtisadiyyat nazirlikləri və mərkəzi bankları zəruri işlər həyata keçirəcək”.
Mürtəza
Gununsesi.info












