
Rusiyanın Nijni-Novqorod şəhərində yerləşən meyvə-tərəvəz bazarında bir neçə gündür davam edən kütləvi davaya görə azərbaycanlılar yolu bağlayıblar. Davaya Rusiya OMON-u müdaxilə edib, hər iki tərəfdən saxlanılanlar var. Səbəb isə azərbaycanlıların bazarın adminstrasiyasından hər yerə şikayət etməsidir. Şikayətə səbəb isə onların şəxsi vəsaiti hedsabına anbar tikdirib, sonra isə istifadəsinə icazə verilməməsidir.
Gununsesi.info-ya əslən Gəncədən olan sahibkar Vüqar Əliyevin verdiyi məlumata görə, anbarlar hazırda işləmir və özünü doğrultmur.
Həmin şəxslər isə bazar rəhbərliyindən pullarını geri tələb edirlər. Edilən şikayətlərə isə Rusiya hüquq- mühafizə orqanları ciddi münasibət göstərmirlər. “Sözün qısası, azərbaycanlıların şikayət etməsi bazar adminstrasiyasının xoşuna gəlmədiyinə görə, bazarda fəaliyyət göstərən tacikləri azərbaycanlıların üzərinə qaldırıb. Odur ki, tez-tez dava düşür. Azərbaycanlılar isə istər-istəməz döyülən həmyerlilərinə qəhmər çıxırlar. Onda da kütləvi dava başlayır. Bir neçə dəfə hər iki millətin ağsaqqalları taciklər və azərbaycanlılar arasında barışığa nail olsalar da, lakin bu uzun çəkmir. Avqust ayında artıq 3-cü dəfədir ki, taciklərlə azərbaycanlılar arasında kütləvi dava baş verir. Tacikləri sanki əvvəlcədən buna hazırlayırlar da. Onlar daşla silahlanıb, bizimkilərə fiziki ziyan vururlar. Burada böyük bir siyasət gedir. Hətta hakimiyyətə yaxın mənbələrdən bizə dedilər ki, burada oyun gedir, hətta ölüm hadisəsi də baş verə bilər. Bazarın adminstrasiyasına savadlı, ağıllı kommersantlar, alverçilər lazım deyil. Ona görə də onlara daha çox yaltaqlanan tacik və özbəklər sərf edir. Çünki ruslar nə desələr, onlar razılaşırlar, qəpik-quruşa işləyib, şükür edirlər. Bazar administrasiyasının fikri var ki, taciklərin əliylə azərbaycanlıları bazarlardan çıxarsınlar. Anbarlarda yalnız taciklər otursunlar. Bu da ki, alınan iş deyil. Doğrudur, bu siyasətlə onlar Samarada, Çelyabinskdə və Ufada qalib gəliblər, ancaq burada mümkün deyil. Əgər kütləvi davada bizdən 10-15 nəfər xəsarət alıbsa, onlardan 2-3 qat çox ziyan çəkən var”-, deyə o bildirib.
V.Əliyev bildirib ki, hazırda azərbaycanlıların həyatı üçün təhlükə olsa da, bunun qarşısını almaq üçün heç bir tədbir görülmür.



Gülnaz Qənbərli
Gununsesi.info












